Press "Enter" to skip to content

Ruslar və ermənilər minaya düşmür – SƏBƏB

Emin Həsənli

Son yeniləmə: 11 Avqust 2022 12:38

Emin Həsənli: Başqa vaxt “insan haqları” deyib səs-küy salan beynəlxalq təşkilatlar, bəzi aparıcı Qərb dövlətləri Ermənistanın mina cinayətlərini görməzdən gəlir

Bayraqdar.info – “Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib. Mənfur qonşumuz beynəlxalq hüquqda öz təsdiqini tapan ən ağır müharibə cinayətləri törədib. Bəzən Ermənistanı faşist Almaniyası ilə müqayisə edirlər. Amma Ermənistan 30 illik işğal dövründə faşist Almaniyasından da dəhşətli cinayətlər törədib. Bəşəriyyətə və insanlığa sığmayan cinayət əməllərinə yol verib. İşğalçı ölkə bu gün də bu mənfur ənənəsinə sadiq qalır. Ermənistan 10 noyabr 2020-ci il Bəyanatına tam əməl etmir”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Burada heç bir bəhanəyə yer yoxdur

Onun sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi də bunun növbəti bariz nümunəsidir: “Mina elə bir məsələdir ki, burada heç bir bəhanəyə yer yoxdur. Yəni erməni tərəfi bəzən iddia edir ki, guya bu minalanmış ərazilərin dəqiq xəritəsi yoxdur. Bir keçmiş hərbçi kimi bəyan edirəm ki, bu iddiaların heç bir əsası ola bilməz. Çünki minalanmış ərazilərin xəritəsi olmasa, ilk növbədə elə o minaları basdıran ölkənin əsgərləri həmin minaya düşə bilər”.

Niyə Rusiya sülhməramlıları və oradakı ermənilərin özləri minaya düşmür?

E.Həsənli mina məsələsi ilə bağlı haqlı və maraqlı bir sual da səsləndirib: “Bu gün haqlı şəkildə sual olunur ki, niyə Rusiya sülhməramlıları və oradakı ermənilərin özləri minaya düşmür? Niyə müharibəyə qədər ermənilər işğal altında saxladıqları torpaqlarda əkin-biçin işləri apararkən, orada azərbaycanlılara aid məzarlıqları dağıdarkən, baş daşlarını, hətta ölülərin dişlərini çıxarıb apararkən minaya düşmürdülər? Bir sözlə, bu gün qarşı tərəfin guya mina xəritələrinin olmaması iddiasının heç bir əsası yoxdur. Bilməyənlər üçün onu da diqqətə çatdırım ki, minalanmış ərazilərin xəritəsi üç surətdən ibarət olur”.

Müsahibimiz bildirib ki, ermənilər əvvəl də “xəritə yoxdur” deyib yaxa cırırdılar: “Lakin bir az təzyiq olan kimi bu xəritələrin bir qismi ortaya çıxdı. Ağdamda basdırdıqları 97 min minanın xəritəsini verdilər. Deməli, bunlar hər zaman başlarında yumruq görmək istəyirlər ki, tələb olunanı etsinlər. Ermənilər arxayın olsunlar ki, belə davam etsələr o yumruq yenə başlarına dəyəcək. Ona görə də nə qədər gec deyil, ağıllı davranıb, xəritələri versinlər”.

Beynəlxalq birlik yenə susur

E.Həsənli bu məqamda beynəlxalq birliyi də susqunluqda qınayıb: “Ermənilər Ağdama 97 min mina basdırıb. Bir şəhərə 97 min mina basdırmaq nə deməkdir? Beynəlxalq birlik niyə buna reaksiya vermir? Başqa vaxt “insan haqları” deyib səs-küy salan beynəlxalq təşkilatlar, bəzi aparıcı Qərb dövlətləri Ermənistanın bu cinayətlərini görməzdən gəlir. Nə üçün Ermənistana bu məsələdə təzyiq edilmir? Əslində, bütün bu sualların cavabı bizə bəllidir. Qərbin bəzi qurum və ölkələri ikili standartlar siyasətindən əl çəkə bilmir, yaxud da əl çəkmək istəmir”.

Avropa Birliyi, ABŞ bu məsələdə bizə yetərli dəstək olmur

Hərbi ekspert qeyd edib ki, eyni ikili yanaşma ərazilərin minalardan təmizlənməsi istiqamətində aparılan işlərə Qərbin reaksiyasında da müşahidə edilir: “Bəlli olduğu kimi, Azərbaycan qısa zaman ərzində Minatəmizləmə Agentliyi yaratdı. Müdafiə Nazirliyinin bu istiqamətdə fəaliyyət göstərəcək hərbi hissələrinin sayı artırıldı. Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri işə cəlb olundu. Qardaş Türkiyə bu məsələdə də bizə hərtərəfli dəstək göstərir. Dünyanın bir çox ölkələrindən bu məqsədlə texnika alınıb. Ancaq Avropa Birliyi (AB), ABŞ bu məsələdə bizə yetərli dəstək olmur. Ukraynaya milyardlar ayıran AB burada minalardan təmizlənmə işləri üçün olduqca cüzi məbləğ ayırır. Özü də gecikmiş halda. Niyə ABŞ-ın, Fransanın, Böyük Britaniyanın müvafiq sahə üzrə ixtisaslaşmış hərbçiləri gəlib burada minatəmizləmə əməliyyatlarına dəstək olmur? Bunu etmirlər, amma gecə-gündüz beynəlxalq hüquqdan danışırlar. Bu da, dediyim kimi, ikili standartların növbəti bariz nümunəsidir”.

“Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti gücü və qətiyyəti ilə prosesi özü aparır. Ərazilərin minalardan təmizlənməsi üçün qısa vaxtda çox geniş işlər görülüb və bu, davam edir. Minatəmizləmə ilə yanaşı quruculuq-abadlıq işləri də davam etdirilir”, – deyə E.Həsənli sonda əlavə edib.

Mission News Theme by Compete Themes.