Press "Enter" to skip to content

Çinə sanksiya tətbiq edilərsə, dünya əziyyət çəkəcək

Vüqar Bayramov

Vüqar Bayramov: Çinə qarşı sanksiyaların tətbiq edilməsi bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı qlobal geriləmənin sürətlənməsinə gətirib çıxaracaq

Bayraqdar.info – “Ümumiyyətlə Çin nominal ümumi daxili məhsulun həcminə görə dünyada ikinci ən böyük ölkədir. Eyni zamanda Çin dünyada ərzaq məhsullarının ixracına görə fərqlənən ölkələrdən biridir. Gündəlik istehlak mallarının və sənaye məhsullarının istehsalında və ixracında Çinin dünya bazarında xüsusi rolu var. Çin üçün ən böyük bazar ABŞ və Avropa Birliyi (AB) bazarıdır. Sözsüz ki, AB-nin Çinə qarşı sanksiyaları nəticə etibarı ilə bu ölkənin məhsullarının Avropaya ixracına mənfi təsir göstərəcək”.

Bunu son vaxtlar AB ilə Çin arasında münasibətlərin gərginləşməsinə münasibət bildirən deputat Vüqar Bayramov deyib.

Qeyd edək ki, yayılan məlumatlara əsasən, AB Çinə qarşı Rusiyaya tətbiq ediləndən daha sərt sanksiyalar hazırlayır. Bu barədə AB-nin Çindəki səfiri Xorxe Toledo bəyan edib.

Bayraqdar.info-nun sanksiyaların hansı nəticəyə səbəb ola biləcəyinə dair sualını cavablandıran V.Bayramovun sözlərinə görə, təbii ki, bu, Çin iqtisadiyyatı üçün arzuedilən deyil: “Amma eyni zamanda Çinə qarşı sanksiyalar dünya iqtisadiyyatına, o cümlədən dünyada sənaye və digər məhsullara olan tələbin ödənilməsinə də mənfi təsir göstərəcək. Bunu da unutmaq olmaz ki, Çin qlobal istehlakda xüsusi paya malik olan ölkələrdəndir. Nəticə etibarı ilə belə sanksiyaların tətbiqi dünyadakı geriləməni daha da sürətləndirəcək, bir sıra məhsulların qıtlığı probleminin daha da dərinləşməsinə səbəb olacaq. Yəni Çinə sanksiyaların tətbiq edilməsi bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, qlobal geriləmənin sürətlənməsinə gətirib çıxaracaq”.

Mission News Theme by Compete Themes.