Son yeniləmə: 10 Avqust 2022 23:29
Bayraqdar.info – Acı bir görüntü haqqında fikirlərimi paylaşmaq istəyirəm. Daha doğrusu, sözügedən görüntü bu yazını yazmağıma səbəb oldu.
Bir neçə gün öncə Bulvarda gəzirdim. Tək idim. Şəkillər çəkirdim, ətrafa baxırdım. Diqqətimi çəkdi ki, burada çoxlu ərəb turistlər var. Gəzib-dolaşır, dəniz havası ala-ala özləri üçün şənlənirdilər. Qadınlar da vardı. Həmişəki kimi yalnız gözləri görünən geyimdə idilər. Yəni dini geyimdə. Geyim başdan-ayağa qapqara.
Əlbəttə, heç kimin diniylə, geyimiylə işimiz yoxdur. Azərbaycan azad ölkədir. Burada hər kəs sərbəstdir. Din seçimində də, geyim seçimində də. O cümlədən də qonaqlar-turistlər. Təbii ki, geyim ictimai yerlərdə ümumi qəbul edilmiş qaydalara zidd olmamalıdır; bunu da qeyd edək.
Qara geyimli ərəb qadınlarından danışırdıq. Əslində bu haqda nəsə yazacaq da deyildim. Amma bir görüntü bu yazını yazmağımı mütləq gərəkliliyə çevirdi.
Bulvarda, üzü dənizə skamyaların birində bir gənc ərəb ailəsi oturmuşdu. Cavan oğlan, qara geyimdə büsbütün örtülü qadın, bir də uşaq. Hiss olunurdu ki, günləri xoş keçir. Rahat görünürdülər. Təmiz hava alıb azadlığın dadını çıxarırdılar. Və özləri üçün bir şeylər də yeyib-içirdilər.
İçirdilər. Ağlınıza nəsə başqa şey gəlməsin. Adi su idi, yaxud da bənzər spirtsiz içkilər. Yəni əllərindəki butulkalardan görmək olurdu. Amma diqqətimi çəkən onların su içməyi deyildi…
Diqqətimi çəkən qadının adi bir suyu içərkən çəkdiyi zülm idi. Onun bütün sifəti, ağzı da qara parçayla bağlıydı. Təbii ki, su içməsi üçün nəsə etməliydi. Edirdi. O qadın qara parçanı əli ilə bir az aralayıb butulkanı altına salır, sudan qurtumlayıb geri çıxarırdı. Yəni zülm çəkirdi.
Baxdım. Anidən baxdım. Çox baxa bilmədim və üzümü çevirib başımı Xəzərin uzaq görüntüsü ilə qatdım. Lakin bir qadının belə bir zülm çəkməsi məni bu günə kimi də rahat buraxmır.
Və bu günə kimi düşünürəm: niyə axı qadınları bu qədər qapalı tutur bu insanlar? Özəlliklə də müsəlmanlar? Olmazmı ki, dini geyimlər, heç olmasa 21-ci yüzildə bir qədər müasirləşsin, havaya, iqlimə uyğunlaşdırılsın?
Niyə axı insanlar qadınlarını bu qədər qapalı tutmaq istəyir? Niyə buna zərurət duyurlar ümumiyyətlə?
Əminəm ki, bu yazımı oxuyanlardan kimsə ürəyində deyəcək ki, bu, namus, qeyrət məsələsidir. Hələ yəqin məni söyənlər də olacaq. Özəlliklə də dindarlar arasından. Lap özəlliklə də İran uzantısı olan fars-molla tör-töküntüləri bu yazımı fürsətə çevirəcəklər.
Mənsə deyirəm ki, qadının namusu onun üzünü belə gün işığına həsrət qoymaqla ölçülmür. Namus varsa var, yoxsa yox! Nəinki qara geyindirmək, heç zəncir də bu işdə kömək etməz.
Bizim əxlaqımızda (türk əxlaqından danışırıq) qadına güvən var. Bizdə qadını doğuşdan şübhə altına almaq deyə bir şey yoxdur. Yəni şəxsən mən belə düşüncələrlə böyüdüm, belə də davam edirəm.
Mənə görə hər bir kişinin qadına münasibəti onun anasından qaynaqlanar. Anası ilə bağlı şübhəsi olmayan kişi başqa qadınlar haqqında da şübhəli düşünməz, onlara şübhə ilə yanaşmaz.
Şəxsən mən gözümü açandan atam başda olmaqla ailəmizin kişi kəsiminin qadınlara güvənlə yanaşdığını görmüşəm.
Biz anamıza güvənmişik. Onun haqqında nəinki nəsə pis bir şey düşünməmişik, ümumiyyətlə belə şeylər ağlımıza gəlməyib.
Sonra ailəmizdə bacılarımıza da eyni cür yanaşmışıq. Biz – atamız başda olmaqla bütün qardaşlar bacılarımıza inanmışıq, güvənmişik. Onları qara çadraya bürümək, əngəlləmək, yaxud da evə qapatmaq kimi düşüncəmiz olmayıb. Yenə də o səbəbdən. Bizim qadınlarımız da bizim kimi güvənlidir.
Ailəmizdə bunu gördüyümüz üçün sonrakı mərhələdə yad qadına-qıza yanaşmada da pis niyyətli olmamışıq. Şəxsən mən indi də bütün qız-qadına münasibətdə həddimi bilirəm, ədəbimi gözləyirəm.
Təbii ki, belə bir yanaşma şəxsi ailəmdə də davam edir. Həyat yoldaşıma da həmişə güvənmişəm, güvənirəm. Onu dünyanın o başına belə tək buraxıram. Getsin. Həm də şəxsi qənaətimə görə, kişi kişi olanda onun qadını da layiqli qadın olur. Kişi özünə güvənirsə, qadınına da güvənir. Məncə belədir. Bəlkə də kimsə başqa cür düşünür, bilir, amma mən belə düşünürəm, belə bilirəm.
Qadınlara anamızla başlayan güvən, dediyim kimi, sonra bacılarımızla, daha sonra da həyat yoldaşımızla eyni qaydada davam edir.
Bu da hamısı deyil.
Biz qızımıza da eyni dərəcədə güvənirik. Onu şübhə altına almaq, “onu etmə, bunu et”, “ora getmə, bura get” kimi yasaqlarımız da yoxdur.
Elə geyim məsələsində də. Bizim anamız, bacılarımız necə ictimai mühitə uyğun abırlı geyinirdisə, həyat yoldaşımız, qızımız da elə geyinir. Həm müasir, həm də ədəbli. Yəni dövrə uyğun rahat və sadə.
Demək istədiyim odur ki, qadınların namusundan arxayın olmaq üçün onlara güvənmək lazımdır. Kişilərin bu güvəndə arxayın olması üçünsə öncə özlərinə güvənməsi lazımdır. Yüzdə yüz əminəm ki, kişisi kişi kimi kişi olan heç bir qadının gözü başqa yerdə olan deyil.
Amma kişisinin kişilikdən xəbəri olmayan qadınları nəinki çadra, heç zəncir də saxlaya bilməz.
Ona görə də hər bir kişi öncə özünə, sonra ailəsinin qadınlarına güvənməlidir. Yoxsa nədir o ərəblər qadınlarını qapqara bürüyüb yayın bu cırhacırında adi bir suyu içməsini belə zülmə çevirirlər?
Sonda özəlliklə vurğulamaq istərdim ki, bunlar mənim şəxsi fikir və qənaətlərimdir. Yəqin ki, razılaşmayanlar olacaq. Onlara da sayğıyla yanaşıram əlbəttə…
Sözardı: Yəqin dəyərli oxucular buraya sözügedən görüntünün şəklini niyə qoymadığımı soruşmaq istərdi. Səbəb sadədir: başqasının şəklini izni olmadan çəkə bilməzdim. Ədəbim yol vermir buna…