Press "Enter" to skip to content

Qərb: Baş verənlərin günahkarı Ermənistandır

Vüqar İskəndərov

Son yeniləmə: 10 Avqust 2022 09:59

Vüqar İskəndərov: Ermənistanın bu davranışı, həmçinin, 2020-ci il 10 noyabr Bəyanatında əks olunun bəzi bəndləri yerinə yetirməməsi artıq beynəlxalq qurumları da hərəkətə gətirib

Bayraqdar.info – “Düşünmək olardı ki, Ermənistan 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyətdən sonra nəhayət ki, ağıllanacaq. Lakin bu baş vermədi. Ermənistanın ötən iki ilə yaxın müddətdə mütəmadi olaraq təxribatlara baş vurması bu ölkənin rəhbərlərinin işğalçı, dağıdıcı siyasətdən əl çəkmədiyini ortaya qoydu”.

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu cür davranış Ermənistanı hər keçən gün daha da çətin duruma salır: “Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan yeni reallıqlar yaradıb. Bu gün dünyanın aparıcı təşkilatları, o cümlədən xarici ölkələr bu reallıqları düzgün dəyərləndirərək regionda həyata keçiriləcək layihələrdə yaxından iştirak etmək arzularını nümayiş etdirirlər. Lakin təəssüf ki, Ermənistan hələ də bu reallığı qəbul etməkdə çətinlik çəkir”.

Deputat qeyd edib ki, Ermənistanın bu davranışı, həmçinin, 2020-ci il 10 noyabr Bəyanatında əks olunan bəzi bəndləri yerinə yetirməməsi artıq beynəlxalq qurumları da hərəkətə gətirib: “Ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hərəkətə keçiblər. Onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir”.

Onun sözlərinə görə, beynəlxalq birlik də tez bir zamanda sülhün əldə edilməsinin tərəfdarıdır: “Bu il aprelin 6-da Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüş də məhz bu məqamdan xəbər verirdi. Məlum olduğu kimi, Azərbaycan regionda daimi sülhün əldə edilməsi üçün konkret təkliflə – 5 bəndlik baza prinsipi ilə çıxış edib. 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün yekununa dair bəyanata nəzər salanda görürük ki, orada elə məhz bu baza prinsipi müzakirə mövzusu olub. Biz eyni yanaşmanı avqustun 4-dəki “Qisas” əməliyyatından sonra da müşahidə etdik. Bəlli olduğu kimi, əməliyyatdan sonra Fransa Prezidenti Emmanuel Makron, Ş.Mişel və ABŞ dövlət katibi Entoni Blinken Prezident İ.Əliyevə zəng edib. Bu zənglərin bir səbəbi, bir mahiyyəti vardı: dünya birliyi, o cümlədən Avropa Birliyi və Birləşmiş Ştatlar baş verənlərdən narahatdır. Belə demək mümkünsə, artıq onlar bu baş verənlərin əsas günahkarının Ermənistan olduğunu da bilir və qəbul edirlər. Onlar eyni zamanda bu zənglərlə Azərbaycan tərəfinin haqlı olduğunu bir daha nümayiş etdirmiş oldular”.

Vurğulanıb ki, bu telefon danışıqları zamanı Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyinin qeyd edilməsi, əslində, Fransa, Avropa Birliyi və ABŞ-ın “baş verənlərin günahkarı Ermənistandır” qənaətini ifadə etməsi kimi dəyərləndirilə bilər: “Çünki Prezident İ.Əliyevin də bəyan etdiyi kimi, baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Şübhə etmirəm ki, Ş.Mişelin təşəbbüsü ilə İ.Əliyevlə Nikol Paşinyanın arasında keçirilməsi nəzərdə tutulan görüşdə də bu məqamın üzərində dayanılacaq”.

Mission News Theme by Compete Themes.