Ufuk Turganer: Əsas hədəfimiz atılan addımların iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə dəstək olmasıdır
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xaricdəki bəzi təmsilçiləri dəyişib. Həmin qərara əsasən KKTC Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri Ufuk Turganer yenidən Bakı nümayəndəliyinin rəhbəri təyin edilib.
KKTC Bakı nümayəndəliyinin rəhbərlyində dəyişiklik olacaq – ÖZƏL
Məlumat üçün bildirək ki, Azərbaycanın yaxın dostu Ufuk xanım 2016-2020-ci illərdə də 4 il yarım müddətdə KKTC Bakı nümayəndəliyinin rəhbəri olub.
Onu da qeyd edək ki, U.Turganer avqustun 1-dən etibarən Bakıda vəzifəsinin icrasına başlayıb və ilk müsahibəsini məhz bayraqdar.info-ya verib. Beləliklə, müsahibəni təqdim edirik.
Ufuk Turganer avqustun 1-dən vəzifəsinin icrasına başlayacaq
Bu doğma diyardan pandemiya dönəmində ayrıldığımız üçün üzgün idik
-Ufuk xanım, öncə bir daha Azərbaycana xoş gəldiniz deyirik. Siz ilk dəfə deyil ki, buradasınız. Amma iki il öncə ayrıldığınız bu vəzifəyə yenidən təyinat aldınız. Hansı hissləri keçirirsiniz?
-Çox sağ olun. Biz yenidən ikinci evimizə gəldik. Bildiyiniz kimi, 2016-2020-ci illərdə mən burada fəaliyyət göstərmişəm. Özü də çox böyük xoşbəxtliklə, qürurla çalışmışam. Azərbaycanlı qardaşlarımız hər zaman bizə qucaq açdılar. Çox gözəl dostluqlarımız oldu. 2020-ci ildə pandemiya ilə birlikdə çox çətin bir dönəm başladı. Buradan gedişim də 2020-ci il iyulun sonuna təsadüf etdi. Təbii ki, bu gözəl, doğma diyardan pandemiya zamanı ayrıldığımız üçün üzgün idik. Çünki Bakıdan ayrılarkən pandemiya səbəbinə görə dostlarla vidalaşa bilmədik. Buradan gedəndən sonra KKTC Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri olaraq fəaliyyətimi davam etdirdim. Amma bu müddət ərzində Azərbaycanı düşünmədiyimiz bir an belə olmadı. Görəv müddətində siz də daxil, dostlarla mütəmadi əlaqə qurduq və məlumat mübadiləsi etdik. Yəni əslində, bu iki ildə Azərbaycandan heç qopmadıq və dediyim kimi, yenidən ikinci evimizə gəldik. Bura bizim ikinci Vətənimizdir.
Kıbrıs türkləri olaraq bu tarixi qələbəyə görə çox qürurlandıq
-Siz gedəndən sonra Azərbaycanda Vətən müharibəsi oldu. Kuzey Kıbrısdan o müharibə necə görünürdü?
-Biz burada baş verənləri, qardaş Azərbaycan Ordusunun hər bir qələbəsi haqqında xəbərləri televiziyada izləyərkən çox duyğulanırdıq. Eyni zamanda çox üzülürdük ki, bu şanlı günlərdə burada, sizlərlə birlikdə deyilik. O günlərdə burada olub sevinci də, kədəri də azərbaycanlı bacı-qardaşlarımızla paylaşmaq istərdik. Azərbaycanın şanlı Zəfəri Kuzey Kıbrısda da çox böyük coşqu ilə qarşılandı. Kıbrıs türkləri olaraq bu tarixi qələbəyə görə çox qürurlandıq. Nəhayət, qələbə günü azərbaycanlı bacı-qardaşlarımızın əllərində bayraqlarla küçələrdən keçdiyini gördükcə, evdə ailə üzvlərimizə bir anlıq “bax, bura həmin küçədir, bura həmin meydandır” deyib, sanki həmin anda özümüzü Bakıdayıq kimi hiss etdik.
Azərbaycan bu qələbədən sonra daha özgüvənli, daha güclü görünür
-Bəs, ümumiyyətlə savaşdan sonrakı Azərbaycan xaricdən, o cümlədən qardaş KKTC-dən necə görünür?
-Azərbaycan xaricdən baxanda bu qələbədən sonra daha özgüvənli, daha güclü görünür. Mən şəxsən qələbədən sonrakı müşahidələrimdən bunu hiss etdim. Eyni zamanda artıq bir neçə gündür ki, Azərbaycanda, Bakıdayıq. Buradakı insanları iki il öncəkindən fərqli olaraq daha enerjili, daha qaynar, daha dik duruşlu gördüm.
-Anladığım qədəri ilə bu iki ildə Azərbaycan üçün çox darıxmısınız…
-Əlbəttə. Diplomatlar daşıdıqları vəzifəyə görə ömürlərinin uzun bir dövrünü başqa ölkədə keçirirlər. Bu baxımdan mən çox şanslıyam ki, 4 il yarım Azərbaycanda ölkəmin daha yaxşı tanınması üçün çalışmışam. Azərbaycan xalqı və mədəniyyətinin zənginliyi ilə məndə böyük izlər, təsirlər buraxıb. Bu səbəbdən Azərbaycanda ikinci dəfə işləmək fərqli hissdir.
Reallaşdırmağı nəzərdə tutduğumuz çoxsaylı plan və layihələr var
-Siz bəhs edilən müddətdə maraqlı bir fəaliyyət proqramı ilə yadda qaldınız. Amma təbii ki, həmin vaxt edə bilmədikləriniz də oldu. Bu baxımdan yeni dönəmi həm də həmin proqramların davamı kimi dəyərləndirə bilərikmi?
-Təbii ki, reallaşdırmağı nəzərdə tutduğumuz çoxsaylı plan və layihələr var. Bu dəfənin bir müsbət cəhəti də burada insanlarla, qurumlarla yeni tanış olmaq kimi problemimizin olmamasıdır. Yəni belə deyək ki, proseslər davam edəcək. İnşallah, bu dəfə də gözəl və yaddaqalan işlər görəcəyik. Əsas hədəfimiz isə atılan addımların iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə dəstək olmasıdır. Bir misal deyim. Ötən il Azərbaycan millət vəkilləri KKTC-yə səfər etdi. Bu dəfə isə növbə KKTC-dən olan millət vəkillərinindir. Onların Azərbaycana səfərini təşkil etmək niyyətindəyik. Həmçinin, KKTC ilə Azərbaycan arasında ticarət əlaqələrinin qurulmasına çalışırıq. Bu məqsədlə Kıbrıs Türk Ticarət Odasının və Kıbrıs Türk Sənaye Odasının heyətlərinin bura səfəri, buradan da müvafiq qurum təmsilçilərinin, o cümlədən iş adamlarının KKTC-yə səfəri baş tuta bilər. Eyni zamanda Azərbaycandan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin üzvləri KKTC-yə səfər edib Cümhurbaşqanı Ersin Tatarla görüşdü. Cənab nazir də KKTC ilə bağlı onlara brifinq verdi. Bu səfərin də müsbət əhəmiyyəti olacaq.
-Bəs KKTC-Azərbaycan əlaqələrində boş olan sahə hansıdır?
-Hesab edirəm ki, ticarət məsələsində istənilən səviyyəyə çata bilməmişik. Yəni ticarət əlaqələrini mütləq bir yerdən başlatmaq lazımdır. KKTC-nin və Azərbaycanın keyfiyyətli məhsulları var ki, bunlar təqdim edilməlidir. Məsələn, KKTC-nin hellim pendiri, zeytunu və zeytun yağı Azərbaycan bazarında özünə alıcı tapa bilər. Mən bura ilk gəldiyim illərdə zeytun yağı az istifadə olunurdu. Amma indi zeytun yağı ailələrdə müntəzəm istifadə olunur. KKTC-nin zeytunu və zeytun yağı isə keyfiyyəti ilə fərqlənir.
-KKTC ilə Azərbaycan arasında media sahəsində xəbər alış-verişi baxımından gözəl əlaqələr var. Amma iki ölkə mediası arasında xəbər alış-verişindən birgə ortaq tədbirlərin keçirilməsinə keçməyin zamanı deyilmi?
-Bütün sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində addım atmaq niyyətindəyik. Təbii, dediyiniz kimi, bu, media sahəsini də əhatə edəcək. Jurnalistlərin qarşılıqlı səfərləri, seminar və konfransların keçirilməsi nəzərdə tutulub. İnşallah, mərhələ-mərhələ bunları reallaşdıracağıq.
-Ufuk xanım yeni vəzifədə ilk müsahibəni bayraqdar.info-ya verdiyiniz üçün sizə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq…
-Çox sağ olun. Mən də son olaraq bir diplomat kimi ölkəmi yenidən Azərbaycanda təmsil etməkdən böyük qürur duyduğumu demək istəyirəm. Bir çox azərbaycanlı qardaşlarımız KKTC-də yaşayır. Eyni zamanda çoxlu sayda azərbaycanlı bacı-qardaşlarımız ölkəmizdə istirahət etməyə üstünlük verirlər. Ən böyük arzumuz odur ki, iki xalq arasında münasibətlər daha sıx və qarşılıqlı olsun. Biz bütün səviyyələrdə əlaqələrin intensivləşdirilməsi üçün səylərimizi davam etdirəcəyik.
[…] KKTC təmsilçisi: Yenidən ikinci evimizə gəldik […]