Son yeniləmə: 10 Avqust 2022 10:31
Emin Həsənli: Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davam edir və sistemli xarakter daşıyır
Bayraqdar.info – “Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davam edir və sistemli xarakter daşıyır. Azərbaycan dövləti hər il müharibə əlillərinə həm mənzillərin, avtomobillərin verilməsi, həm də onların protezlərlə təmin edilməsi, sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilməsi, övladları üçün yay düşərgələrinin iştirakının təşkili istiqamətində sistemli və ardıcıl işlər aparır. Avqustun 2-də başlanmış Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı isə bütünlükdə Azərbaycan dövlətinin sosialyönümlü olduğunun, eləcə də müharibə iştirakçılarına xüsusi diqqət və qayğının əyani təzahürüdür”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Dövlət başçısı müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərir
E.Həsənli qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərir: “Hazırda istər İkinci Dünya müharibəsi veteranlarının, istər Çernobıl qəzası iştirakçılarının, istərsə də 20 Yanvar əlillərinin, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələri veteranlarının, şəhid ailələrinin, əlillərin statusları eynidir. Bura müharibə veteranlarına verilən imtiyazlar da aiddir. Onlar prezident təqaüdü də alırlar. Şəhid ailələri və müharibə əlliləri mənzillərlə, evlərlə təmin edilirlər. Şəhid ailələrinin və müharibə əlillərinin övladları universitetlərə qəbul olunduqda belə onların təhsil haqqı dövlət tərəfindən ödənilir. Həmin kateqoriyadan olanların övladlarının asudə vaxtlarının təşkili üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Müharibə əlilləri özünüməşğulluq proqramlarına cəlb olunur. Müharibə əlillərinə ən müasir protezlər verilir, onlar müalicə almaq üçün dünyanın ən müasir xəstəxanalarına göndərilirlər, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır”.
Bildirilib ki, Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan ailələrə xüsusi diqqət və qayğı göstərib: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu istiqamətdə çoxlu sayda fərman və sərəncam imzalayıb. Şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsi məqsədilə “YAŞAT” Fondu yaradılıb”.
Müharibə iştirakçıları arasında heç bir fərq qoyulmur
“Onu da xüsusi olaraq qeyd edim ki, 2018-ci ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq yenidən prezident seçilən İlham Əliyevin ilk fərmanı ilə 1991-1997-ci illərdə şəhid olmuş şəxslərin ailələrinə kompensasiyalar verildi və onlar birdəfəlik ödəmə ilə təmin edildilər. Hazırda isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyənləşdirilmiş hərbi qulluqçular bu imkandan yararlanacaqlar. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəxslər I, II və III qrup əlilliyə görə müvafiq birdəfəlik ödəmələr alacaqlar”, – deyə o, əlavə edib.
Müsahibimiz deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələri verməyə başlaması yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısını və heç kəsin yaddan çıxmadığını bir daha göstərir: “Birinci və ya İkinci Qarabağ müharibələrində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmur. Çünki bu müharibələrdə əsgər və zabitlərin göstərdikləri qəhrəmanlıq bütün xalqımız üçün nümunədir. Şəhidlər, qazilər bayraq, Vətən, torpaq kimi bizim üçün əzizdir. Silahlı Qüvvələrə və hərbçilərə hörmət və ehtiram bəsləmək isə hər kəsin borcudur. Azərbaycan dövləti torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərə diqqət və qayğını bundan sonra da davam etdirəcək”.