Vüsal Quliyev: QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir
Bayraqdar.info – Son vaxtlar QHT sektorunda yeni addımlar atılır, bu sektorun hərtərəfli inkişafı üçün proqram və layihələr həyata keçirilir. Elə Mingəçevir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” da bu məqsədə xidmət edirdi.
Qeyd edək ki, üç günlük proqramın açılış mərasimi iyulun 30-da keçirilib. Agentliyin Mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.
110 nəfər təlimlərdə iştirak hüququ qazanıb
Tədbiri açılış nitqi ilə açan Agentliyin icraçı direktoru A.Əliyeva qeyd edib ki, “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” ilk dəfədir Agentlik tərəfindən başlayır və bu proqram davamlı olaraq təşkil ediləcək: “Düşünürük ki, bu təlimlər QHT-lərin layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhvə verəcək”.
A.Əliyeva qeyd edib ki, proqrama qeydiyyatdan 259 QHT keçib və müsahibə zamanı onlardan 110 nəfər təlimlərdə iştirak hüququ qazanıblar. İştirak edə bilməyən təşkilatlar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulub.
Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək təşkil edilən proqramın əhəmiyyətini vurğulayıb: “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var”.
Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də…
Bildirilib ki, əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də sistemli xarakter almamış, ehtiyaclara uyğun təşkil edilməmişdir: “Yalnız “QHT Məktəbi” proqramı davamlılığını təmin edə bilmişdir. Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin, onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər. Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyindən və layihələrin keyfiyyətsiz yazılışından donor haqlı qərar qəbul edib. Bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir. “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər”.
Müxtəlif mövzular ətrafında məluamtlar verilib
Açılış nitqlərindən sonra təlimlər başlayıb. Təlimlərin birinci günü iştirakçılara “Dataların yığılması və təhlili”, “Logframe – Məntiqi çərçivənin hazırlanması və dizaynı” mövzularında təlimlər keçirilib.Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara mövzularla bağlı nəzəri biliklər haqqında geniş məlumat verilib və iştirakçıların mözvu ilə bağlı sualları cavablandırılıb.
“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqram”nın ikinci günü də maraqlı keçib. Məlumata əsasən ikinci gün iştirakçılara “Qərar qəbul etmək üçün məlumatların toplanması və təhlili”, “Layihənin icra strategiyası hazırlanması” mövzularında təlimlər keçirilib.
Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparılıb.
Nəhayət təlimlərin üçüncü günü də yaddaqalan olub. Təlimlərin üçüncü günü iştirakçılara “Siyasətin təhlili və dövlət siyasəti- siyasi xülasələr və tədqiqatlar necə yazılmalıdır”?, “Layihə metodologiyasının müəyyən edilməsi” mövzularında təlimlər keçirilib.
Təlimlərin yekunu olaraq iştirakçılara qrup işi tapşırılıb və onların mövzu ilə bağlı sualları cavablandırılıb, o cümlədən, növbəti təlimlər üçün fikirləri öyrənilib.
Daha sonra “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın yekun tədbiri keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.
Agentlik bu mövzuda təlimlərin gələcəkdə də davamlı olmasını təmin edəcək
Bağlanış mərasimində çıxış edən Preziden Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri V.Quliyev 3 gün ərzində davam edən təlimlərin qeyri-hökumət təşkilatlarının layihələrinin hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılmasına və beynəlxalq donorlarla əməkdaşlıq imkanlarının genişləndirməsinə töhfə verəcəyini bildirib. Qeyd edilib ki, Agentlik bu mövzuda təlimlərin gələcəkdə də davamlı olmasını təmin edəcək.
Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” uğurla yekunlaşıb.
A.Əliyeva proqramı uğurla bitirən bütün iştirakçıları təbrik edib və bu mövzuda hazırlanan təlimlərin gələcəkdə regionların ehtiyaclarını nəzərə alınmaqla davam edəcəyini bildirib.
Çıxış edən təlimçilər- ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov aparılan təlimlərin proqramı haqqında və iştirakçıların bu prosesdə öyrəndikləri ilə bağlı fikirlərini bölüşüblər.
Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək qeyd ediblər ki, proqram çərçivəsində əldə etdikləri biliklər və təcrübə onların gələcək işlərinə böyük təkan verəcək.
Çıxışlardan sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.