Press "Enter" to skip to content

İslam birlik dinidir deyirlər…

Bir məhərrəmlik mərasimi. İnternetdən alıntıdır

Bayraqdar.info – Tanıyanlar bilir, bütün dinlərdən məsafəli davranıram. Səbəbsiz deyil. Adicə bizim toplumun da aid olduğu islam dini birlik dini olaraq təqdim edilir. Amma bu dinin ardıcıllarında birlik varmı? Yoxdur təbii. Ən pərakəndə, ən qarmaqarışıq dindir islam.

Elə bu günlərdə yaşanan məhərrəm ayına baxın. Bir tərəfdə şiələr bu ay ərzində 40 gün yas tutur, digər tərəfdə də sünnilər belə bir şeyin yolverilməz olduğunu deyir.

Hanı bəs birlik diniydi islam? Bu necə birlik dinidir ki, məzhəblərə, təriqətlərə bölünüb, bu bölünmüşlər bir-birini düşmən elan edib?

Hələ Qurban bayramı, orucluqda ayın görünüb-görünmədiyi mübahisələrini demirəm. Bir tərəfdə sünnilər bayram edərkən, əsasən də İrandan idarə edilən şiələr ayın hələ çıxmadığını bəhanə edərək bayramı bir gün sonra edir. Və bu dinə birlik dini deyirlər.

Qarışmıram. Mənə nə? Öz dinləridir, özləri bilərlər. Əgər bu dinin ardıcılları belə uyğun görürsə və onlara belə xoşdursa, mənə nə? Yəni bu məsələlərin şəxsən mənə – islamdan da, başqa dinlərdən də məsafəli bir şəxsə isti-soyuğu yoxdur. Lakin bir yerə qədər.

İndi məhərrəmlikdir. Şiə müsəlmanlar bu ayı uyğun şəkildə yaşamaqdadır. Qarışmırıq. Seçim sərbəstdir, kimsə də başqasının özəlliklə dini inanc məsələlərinə qarışmamalıdır. Biz də qarışmırıq.

Amma baxırıq ki, bu şiə müsəlmanlar bizim kimi insanların işinə qarışır. Bunlar çıxıb küçələrdə yürüş edərək vətəndaşları narahat edir. İranın birbaşa göstərişi ilə ictimaiyyəti qızışdırmaq üçün süni gərginlik yaradırlar. Hətta divarlara şüarlar yazır, yollarda hərəkətə mane olurlar. Hə, bax, belədə deyirik ki, orda dayanın. Sizin məzhəb seçiminizə biz qarışmırıq ki? Qarışmırıq. Elə isə siz niyə bizim gündəlik rahat həyat tərzimizə problem yaradırsınız?

Məhərrəmlikdir? Olsun. Biz buna bir söz demirik. Yas tutun, hətta lap elə başınızı yarıb qanınızı da tökün. (Hərçənd bunu tövsiyə etmək istəməzdim.) Amma başqalarının konstitusion hüquqlarının pozulmasına yönəlik hərəkətlər etməyin də. Siz belə edəndə dövlət müdaxilə etməli olacaq. Onda da narazılıq edəcəksiniz ki, dövlət vicdan azadlığımıza müdaxilə edir. Bu müdaxilənin olmaması üçün siz də uyğun – qanunlar çərçivəsində davranın. Məsələ bu qədər sadədir.

Bir də mənim kimi dindən məsafəli davrananlara, yaxud da sərbəst dini seçimi olanlara təmkinli davranın. Seçdiyiniz dinin, onun məzhəblərinin haqq olduğunu siz qəbul edə bilərsiniz. Bu, sizin hüququnuzdur. Amma hamıdan daha ağıllı və haqlı olduğunuzu iddia edərkən ciddi yanlışa yol verirsiniz. Demək istəyirik ki, başqaları sizin işinizə qarışmadığı kimi, siz də başqalarının işinə qarışmayın…

Yeri gəlmişkən, dövlətin də bu məhərrəmliyə və bənzər ayinlərə bəlli bir çəki-düzən verməsinə ehtiyac var. Kərbəla müsibəti kimi təqdim edilən olaydan az qala 1400 il keçib. Təbii ki, 21-ci yüzildə də 7-ci yüzildəki kimi mərasim tərtib etmək olmaz. Üstəlik də nəzərə alaq ki, Kərbəla müsibətində qurban gedənlərin mənsub olduğu ərəblərin özləri belə bu mərasimlərdən məsafəli davranır…

Mission News Theme by Compete Themes.