Press "Enter" to skip to content

İraqda maraq toqquşmaları yeni mərhələdə

Güngör Yavuzaslan

Son yeniləmə: 2 Avqust 2022 10:45

Güngör Yavuzaslan: Müqtəda əs-Sədr küçələrdə və siyasi səhnədə rəqiblərinə meydan oxuyur

Bayraqdar.info – “İraqda Müqtəda əs-Sədr tərəfdarlarının aksiyaları davam edir. Bu aksiyalara səbəb 2021-ci ilin oktyabrında keçirilən seçkilərin nəticəsidir. O seçkilərdən keçən 10 ay müddətində İraqda yeni hökumət qurula bilməyib. Bu isə öz mənfi təsirini bütün sahələrdə, xüsusilə də siyasi münasibətlərdə göstərir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

İraqda baş verən son hadisələri dəyərləndirən müsahibimiz bildirib ki, seçkilərin nəticələrinə əsasən Sədr qrupu parlamentdə birinci partiya kimi önə çıxıb: “329 millət vəkilli parlamentdə Sədr tərəfdarları 79 mandat qazanıb. Bir müddət öncə onlar mandatlarından imtina edərək parlamenti tərk etdilər. Bununla da siyasi böhran zirvə həddinə çatdı. Onlar öncə parlamentə hücum etsələr də bu hücuma ara verdilər. Lakin 72 saat sonra yenidən hücum edərək parlament binasını ələ keçirdilər. Bu gün biz görürük ki, Müqtəda əs-Sədr bir növ küçələrdə və siyasi səhnədə rəqiblərinə meydan oxuyur”.

G.Yavuzaslan vurğulayıb ki, əslində baş verənlərə dərindən nəzər salanda İraqda ABŞ-İran mübarizəsini görürük: “Sədr həm ABŞ, həm də İrana qarşı çıxır. O, İraq milliyyətçilyi əsasında çıxışlar edərək konstitusiyanın və mövcud rejimin dəyişməsini tələb edir. Ümumiyyətlə İraqın siyasi idarəçilik baxımından yenidən formalaşmasını istəyir. Ancaq öndə gələn və İran yönümlü şiə partiyaları bu məsələlərdə onu dəstəkləmir”.

Qeyd olunub ki, eyni zamanda sünnilər və digər etnik qruplar bu mübarizədə yer almaq istəmirlər: “Çünki hər zaman bir müharibə və daxili qarşıdurma riski var. İraqda sabitliyin əldə olunmamasının əsas səbəbi də burada xarici maraqların toqquşmasıdır. İraq strateji nöqtədə yerləşən böyük bir ölkədir. Onu da deyim ki, bu ölkədə maraq savaşına çıxan digər ölkələrdən fərqli olaraq Türkiyə İraqın ərazi bütövlüyünün və sabitliyinin tərəfdarıdır”.

Mission News Theme by Compete Themes.