Press "Enter" to skip to content

Dünyada müharibə və qarşıdurma, bizdə isə…

Vüqar İskəndərov

Son yeniləmə: 2 Avqust 2022 16:39

Vüqar İskəndərov: Hər keçən gün dünyanın hansısa bir nöqtəsində yeni gərginlik ocağının yaranması haqqında məlumat alırıq

Bayraqdar.info – “Dünya yeni bir mərhələyə qədəm qoyub. Nə qədər acınacaqlı olsa da, bu mərhələ bir-birini əvəz edən qarşıdurmalar və müharibələr, həmçinin qlobal ərzaq böhranı ilə xarakterizə olunur. Hər keçən gün dünyanın hansısa bir nöqtəsində yeni gərginlik ocağının yaranması haqqında məlumat alırıq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ümumilikdə dünya düzənində sabitlik pozulub: “Rusiya-Ukrayna müharibəsi, Avropada enerji problemi, Çinlə Tayvan arasında gərginlik, Suriyada hərbi vəziyyətin yenidən gərginləşməsi, Kosovoda müharibə təhlükəsi, İraqda xarici amillərə əsaslanan daxili qarşıdurmaların yenidən baş qaldırması, qlobal ərzaq böhranı və s. hazırda dünyanı xarakterizə edən hallar kimi ön sırada dayanır. Bütün bunlar dünyada gərginlik ocaqlarının artan xətt üzrə inkişaf etdiyini göstərir”.

Deputat deyib ki, dünyada baş verən gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhran fonunda Azərbaycanda sabitlik hökm sürür: “Məhz bu sabitlik fonunda isə 44 günlük ağır müharibədən və 2 illik karantin rejimindən çıxmış, ərazisinin 20 faizini sıfırdan qurmağa başlayan Azərbaycanda iqtisadi inkişaf qeydə alınır, genişmiqyaslı bərpa işləri gedir, ölkə regionda olduğu kimi, ümumilikdə dünyada nüfuzunu artırır”.

V.İskəndərov bildirib ki, adətən müharibədən sonra iqtisadi tənəzzül yaşanır: “Çünki genişmiqyaslı müharibə milyardlarla vəsait tələb edir. Lakin biz Azərbaycanın timsalında tamamilə başqa mənzərənin şahidi oluruq. Müharibədən sonra tamamilə dağıdılmış ərazilərin minalardan təmizlənməsi və bərpası prosesini Azərbaycan təkbaşına həyata keçirir. Amma bu fonda da Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır”.

Deputat qeyd edib ki, bütün bunların əsasında dayanan uğurlu liderlik amilidir: “Bu gün dünyada baş verən hadisələr bir daha sübut edir ki, beynəlxalq gərginlik və güc mərkəzlərinin qarşı-qarşıya durduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə liderinin biliyi, bacarığı, qətiyyəti və uzaqgörənliyi, ideal daxili və xarici siyasət və mükəmməl ordu quruculuğu tələb olunur. Bütün bu xüsusiyyətləri özündə birləşdirən Prezident İlham Əliyev xaricdən gələn çoxsaylı təzyiqlərə baxmayaraq, 44 gün ərzində Ermənistanın və onun havadarlarının müqavimətini qıraraq yeni geosiyasi və hərbi reallıq yaratdı. Bu gün isə təkcə region deyil, dünya ölkələri də bu reallığı qəbul edir, regionda reallaşdırılacaq layihələrdə yaxından iştiraka can atırlar. Bu da Azərbaycanın uğurlu siyasətinin nəticəsidir”.

Mission News Theme by Compete Themes.