Press "Enter" to skip to content

Heydər Əliyev əlifba məsələsini qəti və çevik qərarla həll etdi

Azər HƏSRƏT

Son yeniləmə: 1 Avqust 2022 17:39

İlham Əliyevdən də eyni qətiyyət və çevikliklə soyadların milliləşdirilməsini gözləyirik

Bayraqdar.info – Bu gün, yəni avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Belə bir gün düz 21 il öncə, 2001-ci il avqustun 9-da təsis edilib. Ona qədərsə dövrün ölkə rəhbəri Heydər Əliyev Azərbaycanda 1 avqust 2001-ci ildən latın qrafikalı əlifbaya tam keçidi təmin edib. Daha öncə, 1991-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk əsas qərarlarından biri elə bu olub: latın qrafikalı əlifbaya keçid. (Ona qədərsə uyğun qanun qəbul edilmişdi.)

1992-ci ildə Azərbaycanın əlifbadan heç də az əhəmiyyət kəsb etməyən daha bir inqilabi qərarı olub. Dönəmin parlamenti vətəndaşların soyadlarının milliləşdirilməsi ilə bağlı qanun qəbul edib.

Lakin aradan illər keçsə də nə əlifba məsələsi, nə də soyadların milliləşdirilməsi öz həllini tam olaraq tapa bilmirdi. Hətta o da yadımdadır ki, H.Əliyevin dönəmində bəzi qüvvələr latına keçidi inkar edərək yenidən kirilə dönmək üçün fürsət gəzirdilər. Onların belə həvəsli bir dövründə, 2001-ci il avqustun 1-də uzaqgörən müdrik siyasət adamı və gerçək lider olan Prezident H.Əliyev bir Fərmanla məsələni kökündən həll edərək daha bir tarix yazmışdı.

Düzdür, keçidin ilk dönəmlərində az da olsa narahatlıqlar yaşandı. Lakin ümumi ovqat elə idi ki, bu keçid olduqca qısa müddətdə tam olaraq oturuşdu və bu gün artıq müzakirə mövzusu belə deyil…

Sözümüzün canı odur ki, H.Əliyev qətiyyəti Azərbaycan xalqı üçün həyati vacib olan bu məsələni belə çevik, hər hansı qarışıqlıq olmadan həll etdi.

Amma!

Amma soyadların milliləşdirilməsi məsələsi hələ də açıq qalır. Düzdür, dövlət məsələylə bağlı dəfələrlə gərəkli qərarlar, sənədlər qəbul edib. Hətta proses də yetərincə sadələşdirilib ki, insanlarımız əziyyət çəkməsin. Bütün bunlar varkən insanımız hələ də tənbəllik edir, adi bir bürokratiya məsələsi olan soyad milliləşdirilməsini rəsmiləşdirmir…

Ən dəhşətlisi isə odur ki, əl qədər çocuqların belə soyadlarının sonluğu ruscadır. Müstəqilliyimizin 30 ilini arxada qoymuşuq, Azərbaycan bir dövlət kimi oturuşub, hər şeyimiz var, dünya bizi sayır-seçir, amma bu soyad sonluğu nə olan şeydir ki, hələ də tam həll edə bilmirik?

Belə anlaşılır ki, bu məsələdə də ulu öndər H.Əliyevin qətiyyətli və çevik davranışına gərək var. O baxımdan ümummilli liderin layiqli davamçısı, bütün məsələlərdə qətiyyəti ilə fərqlənən Prezident İlham Əliyevin ulu öndərin əlifba məsələsindəki qəti və çevik davranışını soyad məsələsində təkrarlaması yerinə düşərdi. Ümumiyyətlə isə bu, Azərbaycan cəmiyyətinin haqlı gözləntisidir. Və inanırıq ki, cənab Prezident xalqın bütün gözləntilərini doğrultduğu kimi, bunu da doğruldacaq. O baxımdan elə bu avqust ayında soyadların milliləşdirilməsi ilə bağlı son və qəti qərarın verilməsi yerinə düşərdi. Bunun üçün istər daxili, istər xarici şərtlər də uyğundur. Xalqın dəstəyinə gəlincə isə, 44 günlük Vətən Savaşı ilə tarix yazmış Müzəffər Ali Baş Komandanın belə bir addımı sözsüz ki, tam dəstək görəcək.

Sözardı: Yeri gəlmişkən, mən şəxsən tənbəl olmadığım üçün soyadımı illər öncə milliləşdirmişəm. Həm də tək özüm deyil, ailə üzvlərimizin hamısı rus sonluğu olmayan soyad daşıyır.

Mission News Theme by Compete Themes.