Son yeniləmə: 1 Avqust 2022 11:07
Emin Həsənli: Əgər Ermənistan 10 noyabr 2020-ci il Bəyanatının müddəalarını pozmaqda davam etsə, bu dəfə cəza daha ağır olacaq
Bayraqdar.info – Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Biz ümid edirdik ki, Vətən müharibəsindən, “Dəmir yumruq”dan sonra heç olmasa ermənilər ağıllarını başlarına yığacaqlar. Lakin təəssüflər ki, onlar öz xislətlərindən əl çəkmirlər”.
Bunu bayarqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Ermənistanın son günlər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına münasibət bildirən E.Həsənlinin sözlərinə görə, əslində, hər zaman forpost, müxtəlif güc mərkəzlərinin əlinin altında maşa rolunu oynayan Ermənistan son addımları ilə bir şeyi də növbəti dəfə sübut etdi: “Bu ölkə müstəqil deyil. Bu ölkədən müsbət nə isə gözləmək yersizdir. Ona görə də Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirməlidir. Qanunsuz erməni silahlı birləşmələri bizim ərazilərdən çıxarılmalıdır. Onsuz da bu baş verəcək, bunun başqa yolu yoxdur. Əgər bunu Rusiya sülhməramlıları etməyəcəksə, Azərbaycan dövləti özü edəcək. Ermənistan bunu bilməlidir. Əgər Ermənistan 10 noyabr 2020-ci il Bəyanatının müddəalarını pozmaqda davam etsə, bu dəfə cəza daha ağır olacaq”.
E.Həsənli belə bir həssas dönəmdə Azərbaycan daxilindəki bəzi şəxslərin sərgilədiyi mövqeyə də münasibət bildirib: “Təəssüflər olsun ki, bəzi şəxslər siyasi və qrup mənafelərini əsas tutaraq addım atırlar. Biz bunu son günlər yenidən müşahidə edirik. Vaxtı ilə “Bu iqtidar heç zaman o torpaqları azad etməyəcək” deyən həmin kəslər indi də təxribatlarını davam etdirirlər. Guya yerdə qalan kiçik bir ərazinin separatçıların nəzarətində qalacağına dair əsassız və mən deyərdim ki, düşməncəsinə mövqe sərgilənir. Halbuki bunun yalan və iftiradan ibarət olduğunu hamı bilir. Əgər Azərbaycan dövləti, zamanında ən strateji yüksəkliklər və rayonlar erməni işğalı altında olanda hər hansı güzəştə getmədisə, bundan sonra heç getməyəcək. Bu gün qalib tərəf Azərbaycandır və qalib tərəfin nəyəsə güzəştə gedəcəyini iddia etmək absurddur. Onu da deyim ki, Azərbaycan xalqı hər şeyi görür və dəyərləndirir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də ordunun, cənab Ali Baş Komandan İlham Əliyevin yanındadır”.
Müsahibimiz deyib ki, digər tərəfdən də ordu barədə sosial şəbəkələrdə lazım olmayan məlumatlar paylaşılır: “Bu yolverilməzdir. Dövlət sirrini qorumaq və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun davranmaq hər birimizin borcudur”.
Onun sözlərinə görə, Azərbaycanın hazırkı durumunda Silahlı Qüvvələrdə gedən prosesləri çılpaqlığı ilə istər KİV-də, istərsə də sosial şəbəkələrdə yaymaq məqsədə müvafiq deyil: “Biz Vətən müharibəsində qalib gəldik. Amma bizim bu qələbəmizi həzm edə bilməyən qüvvələr var. Eyni zamanda düşmən də revanş hissləri ilə yaşayır. Bununla yanaşı son zamanlar ordunun daha mükəmməl duruma gətirilməsi üçün müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Yeni komando briqadaları yaradılması və digər işlər görülür. Belə bir durumda Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək informasiyalar görülən işlərə kölgə sala bilər. Bu isə indiki durumda nə Azərbaycan dövlətinin, nə də Azərbaycan vətəndaşının maraqlarına cavab vermir. Buna görə də diqqətli olmaq lazımdır”.