Bayraqdar.info – Avqustun 1-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Bu haqda xəbəri bayraqdar.info-ya XİN-dən veriblər.
“Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “C.Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb”.
Xəbərdə o da bildirilir ki, “nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb”.
“Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.” Bu fikirlər də xəbərdə yer alıb.
Qeyd edək ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribatlar törədir. Paralel olaraq Rusiya sülhməramlılarının nəzarətində olan və erməni əhalinin yaşadığı Azərbaycan torpaqlarında da ermənilər silahlı təxribatlar törədir. Bu isə bölgədə normallaşmada maraqlı olan ABŞ-ı narahat etməyə bilməzdi. Ona görə də ABŞ rəsmisi Azərbaycanlı nazirlə telefon müzakirəsi aparıb.