Press "Enter" to skip to content

Balkanlarda yenidən atəş səsləri

Son yeniləmə: 1 Avqust 2022 10:24

Bayraqdar.info – Balkanların iki ölkəsi olan Kosovo ilə Serbiya arasında gərginliyin artması, yenidən dünyanın diqqətini “barut çəlləyi” kimi xarakterizə edilən bölgəyə cəlb edib.

Balkan News-un məlumatına əsasən, buna səbəb Kosovo hökumətinin qəbul etdiyi, lakin təxirə saldığı qərarı avqustun 1-dən etibarən qüvvəyə minməsini planlaşdırması olub.

Həmin qərara əsasən, serblər də daxil olmaqla Kosovoda yaşayan hər kəsin Kosovo şəxsiyyət vəsiqəsi və nömrə nişanı olmalıdır. Eyni zamanda, Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunur. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək. Bununla belə, Serbiya hələ də öz ərazisi kimi gördüyü Kosovonun belə bir addım atmasına qarşıdır.

Məhz Serbiyanın bu mövqeyindən güc alan Kosovonun şimalında yaşayan serblər iyulun 31-də iki ölkə arasındakı Jarinje sərhəd-keçid məntəqəsini bağlayıb və avtomobillərin keçidinin qarşısını almağa başlayıblar. Yollarda barrikadalar qurulub. Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovoda yaşayan serblərin bir daha zülmə məruz qalmasına icazə verməyəcəyini bildirib. O, Kosovo albanlarının hücumu halında serblərin evlərini qoruyacaqlarını bildirib.

Sosial mediada yayılan görüntülərdə Mitrovitsanın şimalında siren səsləri eşidilib. Kosovo səlahiyyətliləri isə silah səslərinin eşidildiyini, lakin xəsarət alan olmadığını açıqlayıb.

Qeyd edək ki, Serbiya-Kosovo münasibətlərinin normallaşdırılması üçün 2011-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə dialoq prosesinə başlanılıb. Lakin bu müsbət nəticə verməyib və müxtəlif illərdə iki ölkə arasında gərginlik yaşanıb.

Yeri gəlmişkən, Serbiyanın Kosovoya qoşun yeritməyə hazırlaşdığına dair xəbərlər yayılmağa başlayıb. Öz növbəsində NATO-nun Kosovodakı Qüvvələri (KFOR) Kosovo ilə Serbiya arasında son günlər yaranmış gərginliklə bağlı açıqlama yayıb. Açıqlamada Kosovanın şimalında sabitliyin təhlükə altına düşəcəyi təqdirdə KFOR-un müdaxilə etməyə hazır olduğu bildirilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.