Son yeniləmə: 31 İyul 2022 18:15
Bayraqdar.info – Rusiyanın elan etdiyi rəsmi rəqəmlərə görə, Ukrayna savaşında Quzey Qafqaz xalqlarının 400 nəfərdən çox təmsilçisi həyatını itirib. Lakin bu rəqəmə inanmaq olarmı? Təbii ki, yox. Çünki Rusiya Ukraynaya qarşı səbəbsiz hücuma başladığı 24 fevraldan bu yana öz itkilərini ciddi şəkildə gizlədir.
Müşahidələr göstərir ki, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun əli ilə özəlliklə də çeçenlərə qarşı gizli, lakin məqsədyönlü soyqırım gerçəkləşdirir. Ümumiyyətlə isə Rusiya bölgələri arasında Dağıstan Ukrayna müharibəsində ən çox itki verən bölgədir.
Ukraynanın işğalı və sonradan Rusiyaya tabe etdirilməsi V.Putinin xarici siyasətinin əsas xarici siyasət öncəliklərindəndir. Kremlin aşağılığı onda özünü göstərir ki, səbəbsiz savaş yoluyla Rusiyanın köklü xalqlarını soyqırıma məruz qoyur. Bu soyqırıma məruz qalanların önündə isə özəlliklə də Qafqaz xalqları gedir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ukrayna müharibəsində Rusiyanın ən çox itkiyə məruz qoyduğu etnik kəsim Dağıstanlılardan ibarətdir. İkinci yerdə isə Buryatiya sakinləri gəlir. Təbii ki, Rusiya dəqiq rəqəmləri elan etmir. O baxımdan əldə olan bilgilər ən azı 400 Qafqazlının təsdiqlənmiş ölümündən danışmağa imkan verir.
Nəzərə alaq ki, Rusiya Ukrayna savaşında ümumilikdə 5 mindən çox canlı qüvvə itkisini etiraf edir. Lakin istər Ukrayna tərəfinin, istərsə də xarici ölkələrin xüsusi kəşfiyyat xidmətlərinin dəqiqləşdirdiyi bilgilərə görə, Rusiya bu günə kimi ən azı 40 min nəfər canlı qüvvə itirib. Yəni rəsmi elan ediləndən 8 dəfə artıq. Belə olan halda Qafqaz xalqlarından olan itkilərin elan edilmiş sayını – 400-ü də 8-ə vurmaq lazımdır. Yəni ən azı 3 min 200 nəfər.
Bəli, Rusiyanın Ukraynaya qarşı apardığı əsassız və səbəbsiz savaşda 24 fevraldan bu yana ən azı 3 min 200 Qafqazlı həlak olub. Nəyin uğrunda? Hələ də yaşamaqda olan velikorus şovinizmi uğrunda! Ki, bu şovinizmin əsas məqsədlərindən ən birincisi elə Qafqazlılar da daxil olmaqla bütün qeyri-rusları məhv etməkdir. Belə bir şəraitdə Qafqazlılar və Rusiyanın köklü xalqları olan digər qeyri-ruslar çox vaxt özləri də bilmədən özlərinə qarşı tətbiq edilən soyqırıma özlərini qurban verirlər…
Yeri gəlmişkən, Rusiyanın itkilərinin müəyyən edilməsi elə bu ölkənin içində aparılmış müşahidələr nəticəsində mümkün olub. Xarici kəşfiyyat qurumları Rusiya şəhərlərində müharibə qurbanlarının dəfn dinamikasını, eləcə də müxtəlif bölgələrdə son aylarda ortaya çıxan yeni qəbristanlıqları nəzərdən keçiriblər. Məlumatlara görə, Rusiyanın bir çox şəhərlərində artıq iri miqyaslı məzarlıqlar meydana gəlib ki, elə bunun özü itkilərin miqyasından xəbər vermək üçün yetərlidir.
Belə bir durumda təkcə Dağıstan və Çeçenistan əsilli itkilərin sayının minlərlə olduğunu demək mümkündür. Hələ nəzərə alaq ki, dövlət bu bölgələrdən olan itkilərin yaxınlarına vəd edilmiş dəstəyi də verməkdən imtina edir. Buna səbəb kimi həlak olanların gizlədilməsi göstərilir. Rusiya rəsmi təbliğatı onların öldürüldüyünü bildiyi halda gizlədir, yaxınlarına itkin düşdüklərini deyir və bu yolla da maddi dəstəkdən yayınır.
Və bir maraqlı fakt da diqqət çəkir: Rusiyanın Ukraynadakı itkiləri arasında Moskva və Peterburqdan olanların sayı olduqca aşağıdır. Yuxarıda qeyd etdiyimiz kimi, örnək üçün, Qafqazlılar arasında itkilər minlərlə olduğu halda bu iki bölgənin itkiləri bir neçə 10 nəfərdir. Bunu elə Rusiyanın yaydığı itkilər haqqında rəsmi informasiyalarda da fərq etmək mümkündür…
Belə bir durum bir daha onu göstərir ki, Rusiya Ukraynaya hücumdan həm də daxildəki qeyri-rusları yox etmək üçün yararlanır. Özəlliklə də gənclərin müharibəyə cəlb edildiyini nəzərə alsaq, Rusiya bu yolla o xalqların sabahını da bərbad edir.
Rəsmi bilgilərə görə, Çeçenistan və Dağıstan Rusiyada əhali artımına görə öndə gedən bölgələrdir. Özü də ruslarla müqayisədə bu xalqların artımı fantastik görünəcək qədər yüksəkdir. Belə bir durum isə təbii ki, yeni velikorus şovinisti V.Putini narahat etməyə bilməz və o da Ukrayna savaşını başladaraq ora məhz müsəlman və türkləri kütləvi şəkildə cəlb etməklə artımın qarşısını alır.
Yeri gəlmişkən, V.Putin 2021-ci ilin dekabrında jurnalistlərlə görüşündə açıq şəkildə demişdi ki, Rusiyada əhali artımı problemi həllini tapmasa 10 il sonra ölkədə işləyəcək insan tapmaq çətin olacaq. Belə bir durumda Çeçenistan və Dağıstandakı əhali artımı, əlbəttə ki, yeni velikorus lideri narahat etməyə bilməz və o da bunun qarşısını almaq üçün Ukrayna savaşından gen-bol yararlanır…
Onu da xatırladaq ki, V.Putin ikinci çeçen savaşı vaxtı bu xalqa qarşı ən qəddar tədbirlərin tərəfdarı idi. Belə anlaşılır ki, Rusiya lideri hələ də eyni düşüncələrə sahibdir və bu baxımdan Qafqaz xalqlarını Ukraynadakı ət maşınına xammal olaraq göndərir…
Çox təəssüf ki, belə bir durum varkən Çeçenistan rəhbəri R.Kadırov da V.Putindən fərqli davranmır. Əksinə, çeçenləri onlara dəxli olmayan bir savaşa göndərir. Nəticə də odur ki, bu savaşda hətta bir çeçen general – Magomed Tuşayev də həlak olub. Bundan başqa hər gün Çeçenistana yeni-yeni tabutlar (Yük 200) gəlir. Onlarla bərabər Çeçenistan hər gün Yük 300-lər – yəni bir daha normal yaşama dönə bilməyəcək yaralılar alır. Bu isə o deməkdir ki, R.Kadırov da V.Putinlə birlikdə çeçen xalqının soyqırımında iştirak edir…
Və bütün bunlar V.Putinin Ukraynanı “milliyyətçiliksizləşdirmə” kampaniyası çərçivəsində baş verir. V.Putin nə edir? Bir tərəfdə Ukrayna xalqına qarşı, digər tərəfdə də Rusiyanın qeyri-rus əhalisinə qarşı soyqırım siyasəti yürüdür. Ona görə də Rusiya xalqlarının ayılması və öz haqlarını tələb etməsi vacibdir…
@azerhasret Россия для русских? А погибают-то нерусские… #россия #украина #русские #azərhəsrət #azerhasret