Press "Enter" to skip to content

İsraildən Azərbaycana dəstək

Bayraqdar.info – İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzi minatəmizləmə və partlamamış hərbi sursatların təftişi üzrə ixtisaslaşmış “Open Minded Solutions LTD” beynəlxalq şirkəti ilə birlikdə “Azərbaycanın azad edilmiş ərazilərində minalar: Cənubi Qafqaz bölgəsində sülhə ən böyük maneə” mövzusunda dəyirmi masa təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya verilən məlumata görə, tədbir tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın təşəbbüsü ilə İsrailin Yerusəlim şəhərindəki Menahem Begin İrsi Mərkəzində baş tutub: “Dəyirmi masada minatəmizləmənin ləng və məsrəfli proses olduğu vurğulanıb, Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirməsi nəticəsində Azərbaycanın dünyada minalardan ən çox əziyyət çəkən ölkələr sırasında yer alması barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edərək ona iddialar irəli sürsə də, işğal dövründə bu ərazilərdə quruculuq işləri görməyib, hətta iddia etdiyi torpaqları minalarla “zəhərləyib”. Üstəlik, Azərbaycana təqdim olunmuş müvafiq mina xəritələrinin dəqiqliyi də suallar doğurur”.

Tədbirdə vurğulanıb ki, ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğundan, beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir: “Tədbir iştirakçıları donor ölkələrin diqqətini mina probleminin həllinə cəlb etmək üçün yol xəritəsinin hazırlanması məsələsini də müzakirə ediblər. Sonda dəyirmi masa iştirakçıları birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycanda mina probleminin həlli istiqamətində fəal əməkdaşlığa və qarşılıqlı dəstəyə çağırıblar. Birgə bəyanatın beynəlxalq ictimaiyyətin müxtəlif subyektlərinə təqdim olunması nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.