Son yeniləmə: 29 İyul 2022 22:49
Bu, qrip deyil, COVID ola bilər
Bayraqdar.info – Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda COVID-19-a yoluxma halları yenidən artıb. Eyni zamanda insanlar arasında soyuqdəymə və qrip də artmaqdadır. Lakin bəzən biz qriplə COVID-i səhv sala bilərik. Ona görə də bəzi məqamları diqqətdən qaçırmamalıyıq.
Bunu Türkiyədən olan klinik mikrobiologiya və yoluxucu xəstəliklər mütəxəssisi Prof. Dr. Necla Tülek deyib.
O, mətbuata açıqlamasında, “Qripə bənzər simptomlar yaşayanlar mütləq COVID-19 ehtimalını nəzərə almalı və PCR testi etdirməlidirlər. Bu, simptomları olan insanlar üçün çox vacibdir. 7-10 gün maskadan istifadə etməyə davam edin” deyib.
Atılım Universiteti Tibb Fakültəsinin dekan müavini olan N.Tülek artan COVID-19 hadisələri ilə bağlı qiymətləndirmələr edib.
Xəstəliklərin sayında artımın bütün dünyada yaşandığını deyən mütəxəssis Omicron-un BA.4 və BA.5 alt tiplərinin çox daha yoluxucu olduğunu, lakin onun ağır xəstəliyə yol açdığına dair hələ dəqiq məlumat olmadığını bildirib.
N.Tülek, “Bu xəstəlik də yuxarı tənəffüs yolu infeksiyası kimi irəliləyir. Burun axması, burun tıxanması, asqırma, yüngül başağrısı, yüngül zəiflik kimi simptomlar bu varianta da xasdır” deyib.