Press "Enter" to skip to content

İran rejimi təklənməsilə barışmaq istəmir

Mahmud Bilgin

Son yeniləmə: 29 İyul 2022 13:09

Mahmud Bilgin: İranın öz səhvi ucbatından regionda və dünyada təklənməsi rejimi daha da aqressivləşdirir

Bayraqdar.info – “İran rejimi Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərindən sonra öz geopolitik gücünü itirib. Amma o bununla barışmaq istəmir. Buna görə də Azərbaycana birbaşa hədə-qorxu gəlir, qoşun yeritməklə hədələyir. Məqsəd də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır”.

İran təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bayraqdar.info üçün dəyərləndirən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin belə deyib.

İranın əsas məqsədi Rusiyadan Zəngəzur məsələsində dəstək almaqdır

Onun sözlərinə görə, İranın bu cəhdləri əbəsdir: “Çünki müharibədən sonra İran Azərbaycanı qoşun yeritməklə hədələdi. Amma o zaman geri çəkilmək məcburiyyətində qaldı. Bununla belə bir məsələni də unutmaq olmaz. İran hərbi baxımdan geri çəkilsə də siyasi baxımdan hələ də bu məğlubiyyətlə barışa bilməyib. Seyid Əli Xamneyinin Tehranda məlum açıqlaması da bundan irəli gəlir”.

M.Bilgin deyib ki, mövcud durum, İranın öz səhvi ucbatından regionda və dünyada təklənməsi rejimi daha da aqressivləşdirir: “Nəticədə də ardıcıl səhvlər buraxılır. Sonra da İrana böyük problemlər yaradacaq açıqlamalar, bəyanatlar verilir. Elə bir müddət öncə Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü çərçivəsində Tehrandan verilən bəyanat da məhz bu qəbildəndir. İran ilk dəfə idi ki, Rusiyanın Ukraynaya hücum etməsini açıq şəkildə dəstəkləyirdi. Təbii ki, bu, sadə bir məsələ deyil. İranın əsas məqsədi Rusiyadan Zəngəzur məsələsində dəstək almaqdır. İran keçmişdəki kimi burada at oynatmaq istəyir”.

Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşməsi deməkdir

S.Ə.Xamneyinin timsalında İranın Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdlərinə Güney Azərbaycan türklərinin necə reaksiya verə biləcəyinə dair suala gəlincə, M.Bilgin deyib: “Güney Azərbaycan türkləri hansı addımı ata bilərlər dedikdə, qeyd etməliyik ki, biz Azərbaycan Respublikasının, Türkiyənin yanındayıq. Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşməsi deməkdir. Biz də bu məsələdə dəstəyimizi veririk. Əsas məqsədimiz İranın siyasətinin ifşa edilməsinə yardım etməkdir. İran Rusiya və Çinlə ittifaqa girərək öz məhv olan iqtisadiyyatını dirçəltmək istəyir. Əvəzində isə Azərbaycana və Türkiyəyə maneələr yaradır. Türk dünyasının birliyinə mane olmaq istəyir. İran Zəngəzur dəhlizini bütün hallarda özünə rəqib sayır. Halbuki bu dəhliz dünyanın və regionun inkişafına səbəb olacaq. Lakin İran bundan narahatdır. İran regionda hegemonluğunu itirdiyini həzm etmək istəmir. Buna görə də Xamneyi bunu açıq şəkildə dilə gətirir, Zəngəzurun açılmasına qarşı olduqlarını bəyan edir. Bəhanə kimi isə sərhədi göstərir. Halbuki hamiya gün kimi aydındır ki, dəhlizin açılması İran-Ermənisan sərhədinə heç bir təsir etməyəcək”.

Mission News Theme by Compete Themes.