Son yeniləmə: 29 İyul 2022 15:36
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “4MAPS ACADEMY” MMC birgə əməkdaşlığa başlayır. Bu əməkdaşlığın nəticəsi olaraq “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursu təşkil ediləcək və uyğun namizədlər işlə təmin olunacaqlar.
Bu barədə bayraqdar.info-ya iyulun 29-da Agentlikdən məlumat verilib.
Bildirilib ki, informasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək: “3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 2 dəfə, 3 saat olmaqla tədris olunacaq. Kursa minimum orta təhsilli, 20-30 yaş həddində, işsiz vətəndaşlar müraciət edə bilərlər”.
Məlumatda qeyd edilib ki, peşə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən və işəgötürənin tələblərinə cavab verən şəxslər “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisi olan ”4MAPS Bilgi Teknolojileri” MMC-də işlə təmin olunacaq.
Bildirilib ki, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” üzrə peşə hazırlığı kurslarına müraciət etmək istəyən vətəndaşlar 20 avqust tarixinədək şəxsiyyəti təsdiq edən sənədlə Bakı (Yasamal rayonu, Məhəmməd Xiyabani 9) və Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) yaxınlaşa bilərlər.