Son yeniləmə: 29 İyul 2022 14:42
Aİ və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda jurnalistlər və bloqerlər üçün təlim keçirilir
Bayraqdar.info – Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsilçilərinin, həmçinin tanınmış bloqerlərin iştirakı ilə ”Ənənəvi və sosial mediada genderəsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üçgünlük təlimə başlayıb.
Milli təşviqat kampaniyasına medianı cəlb etmək
29-31 iyul tarixlərində Lənkəran şəhərində keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, təlimin ilk günüdə BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən, Azərbaycan və Türkiyədən olan mütəxəssislər məruzəçi qismində təqdimatla çıxış ediblər. Çıxışlarda oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat verilib.
Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir
“Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir. BMT-nin Əhali Fondu 10 ildən artıqdır ki, oğlan uşaqlarına üstünlük verilməsivə gender əsaslı cins seçimi kimi zərərli təcrübələrinqarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir. Biz bu fenomenlə mübarizə üçün müxtəlif səviyyələrdə işləyirik. Vurğuladığım kimi, əsas prioritetlərimizdən biri Azərbaycanda mövcud olan bu ciddi problemi daha geniş miqyasda müzakirə etmək, həm problemin mövcudluğu, həm də qarşısı alınmazsa, onun səbəb ola biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq,eyni zamanda qız uşaqlarının dəyərini təşviq etməkdir. Qeyd etməliyəm ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün “dördüncü hakimiyyət” hesab edilən media sektorunun da bu işə töhfəsi çox əhəmiyyətlidir”, – deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev bildirib.
Təlimin ilk günü maraqlı çıxış və təkliflərlə yadda qalıb
Maraqlı çıxış və təkilflərlə yadda qalan ilk gündə iştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısnın alınmasında medianın rolundan danışıblar.
Təlim iştirakçıları arasında müsabiqə elan edilib
Onu da vurğulayaq ki, təlim zamanı BMT-nin Əhali Fondu təlim iştirakçıları arasında müsabiqə elan edib. Belə ki, təlimdə iştirak edən və müsabiqəyə qatılan media nümayəndələri dərc və ya nümayiş etdirdikləri ən yaxşı yazı və ya video materialı müsabiqəyə təqdim etməlidirlər. Birinci yerin qalibi Türkiyədə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq, ikinci və üçüncü yerin qaliblərinə isə pul mükafatları təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.
[…] Gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolu […]