Son yeniləmə: 28 İyul 2022 14:27
Elnur Eltürk: “Vikipediya”nın azərbaycan dili bölməsində türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi öz aktuallığını qoruyub saxlayır
Bayraqdar.info – “Vikipediya”nın Azərbaycan dili bölməsində türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi öz aktuallığını qoruyub saxlayır. 2004-cü ildən bu günə qədər Azərbaycan “Vikipediya” istifadəçiləri qrupu tərəfindən də məqalələrin yaradılması davam edib.
Bunu bayraqdar.info-nun “Vikipediya”da türk dünyası ilə bağlı məqalələrin yerləşdirilməsi səviyyəsinə dair sualını cavablandıran “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
Müxtəlif layihələr əsasında türk dünyası ilə bağlı məqalələr yaradılıb
Hazırda eyni zamanda Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) Beynəlxalq əlaqələr şöbəsinin müdiri olan E.Eltürk bildirib ki, bununla yanaşı müxtəlif layihələr əsasında türk dünyası ilə bağlı məqalələrin yaradılması həyata keçirilib: “Bu məqamda qeyd edim ki, Türk Ağsaqqalları Birliyi və “Türk Dünyası Ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Vikipediya”da türk dünyasının görkəmli simaları, türk xalqlarının tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparıldı. Demək olar ki, bir neçə ay ərzində “Vikipediya”nın azərbaycan dili bölməsində 300-ə yaxın məqalə yaradıldı. Bu barədə təmsil olunduğum qurumun qurucusu Ramin Əhmədov mətbuata ətraflı məlumat verib. Əlavə etmək istəyirəm ki, “Türk Dünyası Vikipediyada” adlı layihəyə könüllülərin də cəlb olunması təşəbbüsün uğurla aparılmasına gətirib çıxardı”.
Onun sözlərinə görə, daha sonra “Türkdilli vikimediyaçılar” istifadəçi qrupu tərəfindən təşkil olunan “Türk marafonu 2020”, “Türk marafonu 2021” çərçivəsində könüllülər tərəfindən onlarla məqalələr yaradılıb: “Hazırda da türk dünyasını əhatə edən müxtəlif mövzularda məqalələr yaradılır”.
Əgər məqaləyə hansısa ensiklopedik cümlə əlavə edilirsə…
Bəzən deyirlər ki, “Vikipediya” kimi mənbələr heç də etibarlı olmur. O baxımdan ki, ora hər kəs müdaxilə edə, hansısa məlumatda dəyişikliklər edə bilir. Bəs bu yanaşma nə dərəcədə doğrudur və ümumiyyətlə, “Vikipediya”dakı məlumatların doğruluq səviyyəsini necə dəyərləndirmək olar” sualına gəlincə isə E.Eltürk deyib ki, “Vikipediya” azad ensiklopediyadır: “Bura hər kəsin qaydalar çərçivəsində məqalələr yarada və redaktə edə biləcəyi virtual məkandır. “Vikipediya”nın özəlliyi də budur. İnsanlar burada öz bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Əlavə və dəyişikliyə gəlincə, vurğulamaq istəyirəm ki, əgər, məqaləyə hansısa ensiklopedik cümlə əlavə edilirsə, mütləq onun qarşısına istinad qoyulmalıdır”.
“Vikipediya”da hansısa məlumatları əldə etmək istəyənlərin sayı milyardı keçib
O, da bildirilib ki, “Vikipediya”da məqalələr mənbələrlə yaranır və zənginləşir: “Onu etibarlı edən mənbələrdir. Bu gün yanlış məlumatlar ola bilər. Çalışıb aradan qaldırmalıyıq. Cəmiyyət özü maraqlı olmalıdır. Yenə də nöqsanlar “Vikipediya”nın populyarlığını itirmir. Əksinə, bu gün “Vikipediya”da hansısa məlumatı əldə etmək istəyənlərin sayı milyardı keçib. Sizə tək bir faktı deyəcəm ki, 2021-ci ilin sadəcə dekabr ayı ərzində “Vikipediya”nın azərbaycan dilində olan səhifələri 34 milyon dəfə ziyarət edilib. Son bir il ərzində isə bu rəqəm 358 milyondur. Bu məlumatı “Vikipediya”nın azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov müsahibələrin birində bildirib. Məncə, bu faktın özü “Vikipediya”nın nə qədər populyar axtarış sistemi olduğunun göstərir”.