Son yeniləmə: 28 İyul 2022 13:20
Əhməd Obalı: İran ermənilərə dəstək olur, onlara deyir ki, Azərbaycana qarşı daha aqressiv olun, biz sizin arxanızdayıq
Bayraqdar.info – “İran xarici siyasətində bir çox ölkələrlə milli mənafe üstündə əlaqə yaradır, bəzi ölkələrlə isə ideologiya davası aparır. Türkiyə və Azərbaycan da İranın ideologiya savaşı apardığı ölkələrdəndir”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) lideri, GünAz TV-nin sahibi Əhməd Obalı deyib.
İslam dini də onlar üçün bir çətirdir
Ə.Obalı bildirib ki, İran dövlətinin ideologiyası farsçılıqdır: “Yəni bu ideologiyanın təməlində duran İslam dini filan deyil, məhz farsçılıqdır. İslam dini də onlar üçün bir çətirdir. İslamı da qatıb fars-İslam sintezi yaradıblar. Özü də əvvəl fars, sonra İslam. Buna misal olaraq deyə bilərəm ki, İranın cənub bölgəsində ərəb məntəqəsi var. Xuzistan deyirlər. Ordakı ərəblərin də dili məktəblərdə qadağandır. Yəni baxmayaraq ki, İslam peyğəmbərinin dili, İslamın dili ərəb dilidir, İranda bu dil də qadağandır. Bir sözlə, İran hər şeyə farsçılıq prizmasından, farsçılıq pəncərəsindən baxır”.
O, dini yox, siyasi rəhbərdir
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edən müsahibimizin sözlərinə görə, Xamneyi bilir ki, bu dəhlizin açılması sərhədi dəyişdirmir: “O, bunu çox yaxşı bilir. Onun başqa narahatlığı var. Özü də bu narahatlıq Xamneyidən deyil, dövlətdən gəlir. Onu da deyim ki, Xamneyi bu ölkənin siyasi rəhbəridir. Dini rəhbəri deyil. Onun dini rəhbər olmağa hələ gücü çatmayıb. Ondan daha güclü, daha yuxarı rütbədə olan dini rəhbərlər var. O, siyasi rəhbərdir və İran siyasəti onun əlindədir”.
Güney Azərbaycandakı milli oyanış Xamneyini narahat edir
Qeyd edilib ki, Xamneyinin əsas narahatlıqlarından biri budur ki, əgər Azərbaycan və Türkiyə arasında, belə deyək, Azərbaycanın əsas torpağı ilə Naxçıvan arasında Ermənistan üzərindən yol açılırsa, o zaman Azərbaycanın İrandan asılılığı olmayacaq, yaxud da azalacaq: “İkinci məsələ Güney Azərbaycandır. Güney Azərbaycanda milli ruh getdikcə yüksəlir, Urmiya gölünün qurudulumasına etiraz olaraq yenə də aksiyalar keçirilir. Bu da fars-molla rejimini və şəxsən Xamneyini narahat edir. Rejimin və Xamneyinin üçüncü narahatlığı isə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin getdikcə daha da dərinləşməsi ilə bağlıdıdır. Türkiyənin Orta Asiya yolunun açılması rejimi ciddi şəkildə narahat edir. Rejim türk dünyasının bir araya gəlməsini istəmir”.
İran bununla ermənilərə dəstək olur
Ə.Obalı deyib ki, nəhayət digər narahatlıq da Türkiyənin regionda və dünyada getdikcə güclənməsi ilə bağlıdır: “Suriyada Türkiyə İranın əməllərinin qarşısını aldı. İran oradakı kürdlərə Bəşər Əsədin əli ilə dəstək verirdi. Eyni zamanda PKK-nın İran qolu da burada Türkiyə əleyhinə fəaliyyətini gücləndirmişdi. Yəni İran Türkiyənin güclənməsini istəmir. Burada İranın getdikcə dünyada nüfuzdan düşməsi, təklənməsi məsələsini də diqqətdən qaçırmaq olmaz. Beləliklə, İran bütün narahatlıqlarını o biri ölkələrə deyə bilmir, amma tez-tez Zəngəzur məsələsini ortaya atır. İddia edirlər ki, guya bu dəhliz açılsa, sərhəd dəyişiləcək. Halbuki özləri də yaxşı bilirlər ki, bu belə deyil. Sadəcə bununla ermənilərə dəstək olurlar, onlara deyirlər ki, Azərbaycana qarşı daha aqressiv olun, biz sizin arxanızdayıq. Sonra da dəhliz açılanda deyə bilərlər ki, guya sərhəd dəyişəcəkdi, biz qoymadıq. Bu, fars mentalitetinin gülünc tərəflərindən biridir”.
“Sonda bir məqamı da qeyd etmək istəyirəm. İranın Azərbaycandakı səfirinin İsrail səfirinə son hücumu, onu ölümlə təhdid etməsi bu baxımdandır ki, bu dövlətin əli heç yerə çatmır. Ona-buna daş atmaqla, hədə-qorxu gəlməklə, boş-boş danışmaqla məşğuldurlar. Xamneyinin də Zəngəzurla bağlı sözü boş danışmaqdır”.