Press "Enter" to skip to content

Azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək

Hər il 100 nəfər gəncə sertifikat təqdim edilir

Bayraqdar.info – Gürcüstandakı Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurslar Qardabani rayonunda yaşayan azərbaycanlı gənclərin təhsil həyatında önəmli rol oynayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bayraqdar.info-ya verilən məlumata görə. bunu mərkəzin İcraçı direktoru Hacı Hacıyev deyib.

Komitənin dəstəyi ilə layihənin 3 ildir həyata keçirildiyini qeyd edən H.Hacıyev bildirib: “Bu yaxınlarda növbəti kursların buraxılış mərasimi keçirildi. Hər il 100 nəfər gəncə sertifikat təqdim edilir. Digər fənlərlə yanaşı, gürcü və ingilis dilləri də tədris olunur. Müsbət nəticələr göz önündədir. Azərbaycanlı uşaqların gürcü və ingilis dili bilikləri xeyli artıb”.

Kursların müdavimləri Çiyalə Osmanova, Ramiz Osmanov və Esmira Əliyeva kursların fəaliyyətini və mərkəzdəki şəraiti yüksək qiymətləndiriblər.

“Kursu müvəffəqiyyətlə bitirib, sertifikat almağın sevincini yaşayırıq. Əsas riyaziyyata maraq göstərirdim. Bu fənn üzrə biliklərimin artırılmasında kursun çox böyük əhəmiyyəti oldu. Orta məktəbdə gürcü dili fənnini keçsəm də, ünsiyyət imkanım yox idi. Kurslar mənə gürcü dilində ünsiyyət imkanı yaratdı və bu dildə sərbəst danışmağıma təsir etdi. Mərkəzdə çox gözəl mühit hökm sürür. Burada dostlar qazanmışam”, – deyə Ç.Osmanova bildirib.

Müdavim R.Osmanov qeyd edib ki, kursa gələndə gürcü dilini yaxşı bilmirdi. O deyib ki, indi dil bilgiləri orta səviyyəyə çatıb. Dili mükəmməl mənimsəyənə qədər kursa davam edəcək.

Artıq gürcü dilində müsahibələr verən müdavim E.Əliyeva isə kurs müəllimlərinin tədris metodikasından çox razıdır: “Kurslar gürcü dilində sərbəst danışmağıma kömək etdi, ingilis dilində biliklərimi inkişaf etdirdi, mənə yaxşı dostlar qazandırdı. Qardabani Gənclər Mərkəzində gənclərə yaradılmış şəraitdən çox razıyam”.

Mission News Theme by Compete Themes.