Son yeniləmə: 28 İyul 2022 15:40
Bayraqdar.info – “HDP parlament seçkilərində təkbaşına iştirak edəcək. Çünki yeni qəbul edilən secki qanununa görə seçki ittifaqları məsələsi də əvvəlki mahiyyətindən çıxır”.
Bunu Türkiyədə mövcud siyasi durumu və müxalifətin təmsil olunduğu “altılı masa”nın HDP ilə eyni ittifaqda seçkilərə qatılması ehtimalını dəyərləndirən AK Partinin 24, 25 və 26-cı dönəm millət vəkili, siyasi yazar Mehmet Metiner deyib.
Xatırladaq ki, HDP terrorçu PKK təşkilatının siyasi qanadı kimi qəbul edilir. Bu partiya daha çox bölücü, Türkiyənin ərazi bütövlüyünə təhdid yaradan fəaliyyəti ilə fərqlənir.
Bayraqdar.info-ya özəl açıqlamasında M.Metiner bildirib ki, yeni qanuna əsasən artıq seçki ittifaqı içində olan partiyaların hər birinin səsləri tək-tək sayılacaq və onlar aldıqları səsə görə mandat əldə edəcəklər. Başqa sözlə, partiyanın deputatlarının sayı birbaşa həmin partiyanın seçki dairəsi üzrə aldığı səslərin sayına görə müəyyənləşəcək ki, bu zaman da seçki ittifaqı öz əhəmiyyətini itirir.
M.Metinerin sözlərinə görə, seçki ittifaqı prezident seçkilərində həlledici önəmə sahibdir: “HDP məhz bu səbəbdən kilit partiya durumundadır. Əgər HDP prezident seçkilərində CHP başqanı Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi müxalifət blokuna dəstək verməzsə, onda bu blokun namizədi Recep Tayyip Erdoğan qarşısında elə də böyük səs toplaya bilməyəcək. Zatən HDP-nin səslərinə rəğmən də müxalifətin R.T.Erdoğanı məğlub etməsi mümkün deyil. HDP-nin kənarda qalacağı təqdirdə isə ittifaqın namizədi çox zəif səslə kifayətlənməli olacaq”.
“Ona görə də anti-Erdoğan blokunun namizədi kim olursa-olsun, HDP-nin səsini almağa məcbur və məhkumdur. HDP də bunu bildiyi üçün müxalifətlə istədiyi kimi oynaya bilər. Demək istədiyim budur: HDP-siz müxalifət cəbhəsi heç bir şəkildə R.T.Erdoğan qarşısında duruş gətirmək iqtidarında deyil. Bu, HDP-nin əlini siyasi cəhətdən gücləndirən amildir”, – deyə, M.Metiner sonda əlavə edib.
Əlavə edək ki, özünün terrorçu PKK təşkilatına açıq dəstəyi ilə fərqlənən HDP hələ də bəzi siyasi kəsimlər üçün əlavə siyasi güc hesab edilir. Lakin unudulur ki, bu qurumun adı əli günahsız türk insanlarının qanına batmış, 40 min günahsız – dinc insanı öldürmüş PKK ilə assosiasiya olunur. Belə bir şəraitdə HDP-yə siyasi müttəfiq gözüylə baxmaq, əslində belə baxanların siyasi intiharıdır…