Press "Enter" to skip to content

Politoloq: Proseslər Rusiyada da ərazi dəyişikliyinə səbəb olacaq

Yeganə Hacıyeva

Son yeniləmə: 27 İyul 2022 14:04

Yeganə Hacıyeva: Bizim də hazırda yaşadığımız düzənin dəyişmə prosesi yekunlaşmaq üzrədir

Bayraqdar.info – “1980-ci illərdən başlayan kapitalizmin güclənməsi prosesi SSRİ-nin çökməsi ilə nəticələndi. Bu, təbii ki, kapitalizmin qlobal anlamda Yer kürəsində güclənməsi idi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

SSRİ-nin süqutundan sonra…

Dünya düzənində cərəyan edən son prosesləri dəyərləndirən politoloqun sözlərinə görə, buna paralel olaraq beynəlxalq miqyasda yeni ictimai-siyasi, hərbi-siyasi, iqtisadi təşkilatlar meydana çıxdı: “Bununla dünyanın ictimai-siyasi düzəni müəyyən institutların əllərində cəmləşdi. Dünya həmin institutların maraqları çərçivəsində idarə olunmağa başladı. Bu, Avropa, Afrika, Sakit Okean hövzəsi ilə yanaşı, dünyanın bütün bölgələrini əhatə etdi, bölgələr tabe olduqları bu regional qurumlar vasitəsilə idarə edilməyə başladı. Yəni dünya mərkəzləşdirilmiş idarəetmə sisteminə tabe edildi”.

Beynəlxalq təşkilatlar nüfuzlarını itirməyə başladılar

Politoloq qeyd edib ki, dünyanı idarə edən gözə görünməyən və görünən qüvvələr vardı: “2010-cu ildən sonra isə mərkəzdənqaçma meyli gücləndi. Kənar qüvvələrin güclü təsirlərinə məruz qalan bu təşkilatlar nüfuzlarını itirməyə başladılar. Məsələn, Avropa Birliyi, Avropa Şurası kimi qurumlar 1990-cı illərdə müstəqil idilərsə, 2000-ci illərin əvvəllərində bu təşkilatlar kənar qüvvələrin can atdığı qurumlara çevrildilər. Avopa Şurasının maliyyələşməsinin əsasında Rusiya möhkəmləndi, Avropa Birliyinin maliyyələşməsində Almaniya diktə edən tərəf oldu”.

Bildirilib ki, bu proses digər coğrafiyalar və beynəlxalq qurumları əhatə etdi: “Beləliklə, bu beynəlxalq qurumlara üzv dövlətlər siyasi, iqtisadi və maliyyə lobbilərinin əllərində vasitəyə çevrildilər. Daha sonra isə bu qurumlar daxilində idarə olunanlarla idarə olunmayanlar arasındakı münasibətlərdə problemlər yarandı. Bu proses nə idarə edənləri, nə də idarə olunanları qane etdi. Çünki bu qüvvələr demokratiya və insan haqları kimi məsələləri bir sıra dövlətlərə təzyiq etmək üçün təsirli vasitələrə çevirdilər. Bundan istifadə edərək iqtisadi lobbiləri vasitəsilə həmin dövlətlərdən iqtisadi dividendlər əldə etməyə başladılar. Bu siyasi metod uğur qazandı, istədiklərini əldə edə bildilər. Bu baxımdan beynəlxalq insan haqları təşkilatları da bu yöndə istifadə olunurdu”.

Dünya siyasətindəki alətlər dəyişir

Y.Hacıyevanın sözlərinə görə, koronavirus pandemiyasından sonra isə dünya düzəninin dəyişməsi prosesi sürətləndi: “Qlobal anlamda gedən bu dəyişiklik 2010-cu ildən sonra geniş vüsət almışdı. Bizim də hazırda yaşadığımız düzənin dəyişmə prosesi yekunlaşmaq üzrədir. İndiki formasiya informasiyanın emalı və ona nəzarət etməklə prosesləri yönəltmək anlayışına dayaq tapır. Dünya siyasətindəki alətlər dəyişir, siyasət daha təsirli alətlərlə yürüdülür”.

Bu, bir sıra ölkələr üçün ərazi dəyişikliklərinə səbəb olacaq

Vurğulanıb ki, 2022-ci ildə istər Pakistan baş naziri, istər İngiltərə baş naziri, istərsə də İtaliya hökumətinin istefaya getməsi, həmçinin ABŞ Prezidentinin istefa ehtimalı sıradan bir məsələ deyil: “Bütün bunlar qlobal səviyyədə gedən siyasi proseslərin qanuna uyğunluqları çərçivəsində baş verən hadisələrdir. Bu proseslər qlobal səviyyədə dəyişikliklərin tərkib hissəsidir və bunu Ukraynada baş verənlərlə bağlamaq doğru deyil. Əksinə, Rusiya tərəfindən Ukraynaya hücümün özü bu prosesin təkanverici mərhələsi oldu. Hesab edirəm ki, bu prosesin yekunu bir sıra ölkələr üçün ərazi dəyişikliklərinə səbəb olacaq və Rusiya bu ölkələrin siyahısında öndə gedir”.

Mission News Theme by Compete Themes.