Bayraqdar.info – İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə – iyulun 26-da 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Məlumata əsasən, milli komandanın üzvü Hüseyn Savadov (45 kq) ilk mərhələdə türk Ömər Altaşı üstələyib – 2:1: “Ancaq dörddəbir finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub – 3:11. Rəqib finala yüksəldiyi üçün H.Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşacaq. Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub – 4:2. Lakin dörddəbir finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb – 4:12. Rəqib finaladək irəliləyib. Bu da millinin üzvünə 3-cü yeri tutmaq şansı verib. V.Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni sınağa çəkəcək. Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub”.
Qeyd edilib ki, Davud Məmmədov (71 kq) səkkizdəbir finalda ukraynalı Maksim Radikə (3:1), növbəti mərhələdə isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib: “Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən D.Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşacaq”.
Digər güləşçi Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda gürcüstanlı Gor Ayvazyana uduzub – 0:9: “Rəqib finala yüksəldiyi üçün M.İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gələcək. Bu çəki dərəcələrində təsəlliverici və medal uğrunda görüşlər iyulun 27-də keçiriləcək”.