Son yeniləmə: 27 İyul 2022 10:04
Vüqar Bayramov: Azərbaycan taxıla olan tələbatının 40 faizini idxal hesabına ödəyir
Bayraqdar.info – “Türkiyədə əldə edilən anlaşma bütövlükdə qlobal taxıl böhranının yumşalması baxımından vacibdir. Nəzərə alsaq ki, Rusiya və Ukrayna dünya üzrə taxıl ixracatının üçdə birini həyata keçirir, bunun hansı önəm kəsb etdiyi aydın olur”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Dünya bazarına çıxarılan taxılın hər 100 tonundan 33 tonu Rusiya və Ukraynanın payına düşürdü
Deputatın sözlərinə görə, bu, əslində o anlama gəlir ki, son vaxtlara qədər dünya bazarına çıxarılan taxılın hər 100 tonundan 33 tonu Rusiya və Ukraynanın payına düşürdü: “Eyni zamanda 2021-ci ildə Rusiya dünyada taxıl ixracına görə birinci, Ukrayna isə dördüncü idi. Müharibə Ukraynanın taxıl ixracına ciddi problemlər yaratdı. Bu baxımdan İstanbulda əldə edilən anlaşma dünyadakı qlobal ərzaq böhranının yumşalmasına dəstək olacaq”.
Millət vəkili bildirib ki, bu kontekstdə də Türkiyənin rolunu xüsusilə qeyd etməliyik: “Çünki Türkiyə qlobal taxıl böhranının yumşalması, Rusiya ilə Ukrayna arasında taxılın daşınması ilə bağlı anlaşmanın əldə olunması üçün mühüm səy göstərdi. Bununla da Türkiyə dünyada cərəyan edən qlobal proseslərə ən çox təsir göstərən ölkələrdən biri olduğunu nümayiş etdirdi”.
Azərbaycanda ərzaq və ya çörəklə təminatda qıtlıq müşahidə olunmur
Müsahibimiz bildirib ki, Azərbaycan üçün də qlobal ərzaq böhranının yumşalması vacibdir: “Azərbaycan taxıla olan tələbatının 40 faizini idxal hesabına ödəyir. 60 faiz isə yerli istehsaldır. Düzdür, Azərbaycan öncədən taxıl ehtiyatlarını artırmışdı. Bu da öz müsbət təsirini göstərdi. Qlobal ərzaq böhranına baxmayaraq, bu, Azərbaycanın istehlak bazarına təsir göstərmədi. Azərbaycanda ərzaq və ya çörəklə təminatda qıtlıq müşahidə olunmur. Azərbaycan yerli istehsalı genişləndirir və qabaqlayıcı addımları davam etdirir”.
“Onu da deyim ki, Azərbaycan Ukraynada taxıl əkmək üçün torpaqları icarəyə götürmək niyyətində idi. Bununla bağlı danışıqlar da oldu. Amma müharibə bunun reallaşmasına imkan vermədi. Gözlənilir ki, müharibədən sonrakı dönəmdə Azərbaycanla Ukrayna bu istiqamətdə əməkdaşlıq edəcək”, – deyə V.Bayramov sonda əlavə edib.