Son yeniləmə: 27 İyul 2022 14:52
Bayraqdar.info – Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 29 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən yol 28.5 km uzunluğa malikdir.
Yenidənqurma işləri Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolun yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmiş, çiyin hissələrin eni azalmışdır: “Bu isə avtomobil yolu ilə rahat gediş-gəlişi təmin etmirdi. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır”.
Məlumata əsasən, layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülür: “Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Yolboyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işləri də görüləcək. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yola 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək”.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır: “Xatırladaq ki, 2021-ci ildə sözügedən yolun 4.55 km hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb. Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan 30 minə yaxın əhalinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq”.