Son yeniləmə: 26 İyul 2022 16:41
Bayraqdar.info – İyulun 25-də gecə ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə, ardından da Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon müzakirəsi aparıb.
Bu haqda xəbəri bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən veriblər.
Biz xəbərin özünə keçməzdən öncə Margarita Simonyanın başçılıq etdiyi Sputnik-in Ermənistan qolunun yaydığı “xəbər” diqqətimizi çəkdi. Və təəssüflər olsun ki, özlüyündə yanıltmaya xidmət edən o “xəbər” Azərbaycanda belə peşəkarları yanılda bilib.
Gəlin, öncə Sputnik Armenia-nın yaydığı xəbərə baxaq:
“Paşinyan Blinkenlə Ankara və Bakı ilə münasibətlərin normallaşdırılmasını müzakirə edib. Ermənistan Baş naziri və ABŞ Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, regional kommunikasiyaların bərpası, əsirlərin qaytarılması haqqında danışıb. Entoni Blinken qeyd edib ki, Vaşinqton ATƏT-in Minsk Qrupunun həmsədri kimi məsələlərin həllində yardım etməyə hazırdır”.
Göründüyü kimi, Sputnik Armenia iddia edir ki, “Dağlıq Qarabağ nizamlanması” müzakirə olunub. Eyni zamanda Vaşinqton bunu “ATƏT-in Minsk Qrupunun həmsədri” kimi edib…
Elədirmi?
Gəlin, öncə E.Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığına baxaq. Dövlət Departamentinin yaydığı mətni tam olaraq ingiliscədən tərcümədə təqdim edirik:
“Dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Katib və Prezident Əliyev Azərbaycan və Ermənistanın bölgədə sülhə nail olmaqla bağlı tarixi imkanını müzakirə edib. Katib ABŞ-ın regional nəqliyyat və kommunikasiya xətlərinin açılmasını təmin etmək üçün yardım təklifini təkrarlayıb. Katib Blinken bu yaxınlarda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında olmuş bənzər və davam edən ikitərəfli dialoqu təqdir edib. Katib həmçinin Avropa Birliyi tərəfindən təşkil edilən məhsuldar müzakirələrlə bağlı dəstəyini yenidən təsdiqləyib. O bildirib ki, ABŞ 1994-cü ildən ATƏT-in Minsk Qrupunun üzvü olub və Ermənistanla Azərbaycanın uzun müddətli geniş əhatəli sülh əldə etməsi üçün ikitərəfli və bənzər tərəfdaşlarla işləməyə hazırdır. Katib Blinken eyni zamanda Prezident Əliyevi bütün qalmış Ermənistan məhbuslarını azad etməyə çağırıb”.
I spoke with @PresidentAZ today about the ongoing peace talks between Azerbaijan and Armenia. I commend the positive momentum resulting from bilateral talks and urge further progress towards peace and stability in the region.
— Secretary Antony Blinken (@SecBlinken) July 25, 2022
Göründüyü kimi, nə “Dağlıq Qarabağ tənzimlənməsi”, nə də Ermənistanla Azərbaycan arasındakı tənzimləmədə ATƏT-in Minsk Qrupunun rolundan danışılmır. Dövlət katibi sadəcə xatırladır ki, ölkəsi 1994-cü ildən bu Qrupun həmsədri olub, indi də istər ikitərəfli, istərsə də bənzər formatlarda iki ölkə – Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.
İndi isə ABŞ Dövlət Departamentinin E.Blinkenin Ermənistan Baş naziri ilə telefon danışığı haqqında yaydığı xəbərə baxaq. Bu xəbəri də heç bir müdaxiləsiz ingilis dilindən tərcümədə təqdim edirik:
“Dövlət katibi E.Blinken bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycanın bölgədə sülh əldə edilməsilə bağlı tarixi imkanı haqqında müzakirə üçün danışıb. Katib bölgədə nəqliyyat və kommunikasiya xətlərinin təmin edilməsi ilə bağlı ABŞ-ın yardımını təklif edib. Katib davam edən ikitərəfli dialoqu təqdir edib və bu yaxınlarda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilmiş görüşü alqışlayıb. O, eyni zamanda Avropa Birliyi tərəfindən təşəbbüs edilən məhsuldar müzakirələrə dəstəyini bir daha təsdiqləyib. Qeyd edib ki, ABŞ 1994-cü ildən ATƏT-in Minsk Qrupunun həmsədri olub və Ermənistanla Azərbaycanın uzun müddətli geniş əhatəli sülh əldə etməsi üçün ikitərəfli və bənzər tərəfdaşlarla işləməyə hazırdır. Katib Blinken həmçinin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət məqamların və konkret razılaşmaların olması baxımından Baş naziri təqdir edib”.
Good discussion with @NikolPashinyan on Armenia’s and Azerbaijan’s historic opportunity to achieve peace in the region. I commend Armenia on its positive steps forward with Azerbaijan & Turkey. Discussions among those in the region are key to lasting peace in the South Caucasus.
— Secretary Antony Blinken (@SecBlinken) July 25, 2022
Yenə də diqqət edilərsə, Dövlət katibi ATƏT-in Minsk Qrupunu indiki prosesə daxil etmir, sadəcə 1994-cü ildən bu formatda iştirakını xatırladır. Eyni zamanda vurğulayır ki, ikitərəfli və bənzər formatlarda məsələlərin həllində yardımçı olmağa hazırdırlar. Yəni onlar üçün ATƏT-in Minsk Qrupu da daxil olmaqla hansısa prinsipial format məsələsi yoxdur.
Eyni zamanda ona da diqqət edək ki, E.Blinken Azərbaycan Prezidenti ilə söhbətində olduğu kimi, burada da “Dağlıq Qarabağ” ifadəsi işlətmir.
Ümumiyyətlə isə hər iki telefon danışığının mövzusu Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə edilməsi, regional kommunikasiyaların bərpasıdır. Qarabağ məsələsi, Azərbaycan Prezidentinin də 44 günlük Vətən Savaşından sonra bəyan etdiyi kimi, artıq tarixə qovuşub və indi yalnız Ermənistanla münasibətlərin normallaşması müzakirə mövzusudur. Ki, ABŞ Dövlət katibi də məhz bu istiqamətdə müzakirə aparıb.
İndi yenidən Sputnik Armenia-ya qayıdaq. Bu yalan dağarcığı qeyd olunan telefon söhbətlərinin məğzini saxtalaşdıraraq iddia edir ki, ABŞ Dövlət katibi “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsi və bu işdə “ATƏT-in Minsk Qrupu”nun həmsədri kimi yardım etməyə hazır olduqlarını ifadə edibmiş…
Bir daha qeyd edirik: Sputnik Armenia-nın bu davranışı ondan xəbər verir ki, Margarita Simonyanın başçılıq etdiyi bu Rusiya təbliğat maşını özünün anti-Azərbaycan mövqeyini hələ də davam etdirdiyi üçün Sputnik Azərbaycanı ölkədən çıxarmaq, ümumiyyətlə bu psevdomedianın ölkədə fəaliyyətini yasaqlamaq lazımdır. Əgər Sputnik Azərbaycan fəaliyyətinə davam etmək istəyirsə, bütün Sputnik ailəsi, o cümlədən də Sputnik Armenia belə saxta xəbərlər yaymaqdan və çirkin təbliğatdan imtina etməlidir…