Press "Enter" to skip to content

Eskişehir Azərbaycanlılar Dərnəyindən daha bir ilk

Cavid Aydın

Son yeniləmə: 26 İyul 2022 07:49

Cavid Aydın: Ali təhsil almaq üçün bu şəhərə gələn azərbaycanlı gənclərə xüsusi diqqətlə yanaşırıq

Bayraqdar.info – Öz səmərəli və məhsuldar fəaliyyəti ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi daha bir ilkə imza atıb.

Eskişehirdə təhsil alan azərbaycanlı tələbələri təhsilə və ictimai işlərə daha da həvəsləndirmək üçün Dərnək tərəfindən daha bir maraqlı addım atılıb. 2021-2022-ci tədris ili ərzində azərbaycanlı tələbələr arasında onların dərnək fəaliyyətlərində iştirakının artması və təhsil aldıqları universitetlərdə uğurları nəzərə alınaraq bal sistemi tədbiq edilib.

Bu barədə bayradaqdar.info-ya Dərnəyin sədri Cavid Aydın məlumat verib: “Öncə onu qeyd edim ki, Dərnəyin fəaliyyətində Eskişehirdə yaşayan, həmçinin bura ali təhsil almaq üçün gələn soydaşlarımıza diqqət və qayğı ilk sıralarda dayanır. Bu istiqamətdə davamlı addımlar atırıq. Çalışırıq ki, heç bir soydaşımız diqqətdən kənarda qalmasın. Təbii ki, ali təhsil almaq üçün bu şəhərə gələn azərbaycanlı gənclərə xüsusi diqqətlə yanaşırıq”.

C.Aydının sözlərinə görə, bu da səbəbsiz deyil: “Məsələ burasındadır ki, Eskişehirdə daimi yaşayan soydaşlarımızdan fərqli olaraq tələbələr qonaqdırlar. Biz də çalışırıq ki, qonaqlarımızı burada olduqları müddətdə diqqət və qayğı ilə əhatə edək. Digər tərəfdən burada təhsil alan hər bir azərbaycanlı gənc gələcəkdə iki qardaş ölkə arasında bağların daha da möhkəmlənməsində müəyyən rol oynaya bilər. Ona görə də biz həmin gənclərin həm yaxşı oxumaları, həm də burada ictimai işlərdə, o cümlədən Dərnəyin keçirdiyi tədbirlərdə daha fəal şəkildə iştirakı üçün müəyyən addımlar atırıq. Yuxarıda bəhs etdiyimiz aksiya da bu məqsədə xidmət edir”.

O da qeyd edilib ki, aksiyanın şərtləri çox sadə olub: “Dərnəyin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirakçılar müvafiq olaraq bal toplayıb və kurs müddətinin sonunda öz universitetlərində qazandıqları uğurlar da ballara təsir edib. Bu proqram sayəsində tələbələrin dərnək fəaliyyətlərində daha fəal iştirak etməsi üçün sosiallaşmaqla bərabər, onların dərslərinə daha çox maraq göstərmələrinə diqqət yetirilib. Xalların hesablanması nəticəsində ilk 5 yeri tutanlara bir-birindən qiymətli müxtəlif hədiyyələr təqdim olunub”.

C.Aydın deyib ki, balların hesablanması nəticəsində birinci yeri tutan Nəzrin Məmmədova SABTUR tərəfindən Antalyada 2 nəfərlik 4 gün (3 gecə) tətil, ikinci yeri tutan Şamama Həsənova Interbrand Eğitim Danışmanlığı ve Sağlık Turizmi MMC tərəfindən təqdim edilən 3 gün (2gecə) 2 nəfərlik İstanbul səyahəti şansı qazanıb: “Üçüncü olan Hüseyn Həsənzadəyə Eskişehir məzunlarımızdan Elgün Xəlilovun hədiyyə etdiyi 1 nəfərlik Azərbaycana təyyarə bileti, dördüncü yeri tutan Zahir Hacizadəyə Marco Benatti şirkəti tərəfindən 1000 TL dəyərində yemək kartı, beşinci yeri tutan Badisəba Budaqlıya isə Şah Dağ Dış Ticarət tərəfindən 750 TL dəyərində geyim kartı hədiyyə edilib. Mən bayraqdar.info-nun yaratdığı imkandan istifadə edərək qalibləri bir daha təbrik edir, digər gənclərimizə isə yeni tədris ilinin elə ilk günündən fəal olmağı arzulayıram”.

Mission News Theme by Compete Themes.