Son yeniləmə: 26 İyul 2022 12:50
Bayraqdar.info – 2022-ci ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib: “Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb. Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimalllaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib”.
Məlumata əsasən, ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib: “Bu da DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir”.