Press "Enter" to skip to content

Ukrayna Qərblə Rusiya arasında körpü olmalı idi…

Telman Nüsrətoğlu

Son yeniləmə: 26 İyul 2022 14:47

Telman Nüsrətoğlu: Bu gün çoxqütblü bir dünya sistemi inşa olunur

Bayraqdar.info – “Ümumiyyətlə dünya sistemi qlobal bir böhrana doğru sürüklənir. Dünya nizamındakı ədalətsizliklər, ikili standartlar, ölkələr arasında hərbi toqquşmalar, insani və əxlaqi dəyərlərin daha çox arxa plana atılması bəşəriyyətdəki qarşıdurmaları daha da dərinləşdirir”.

Bunu dünya düzənində baş verən son prosesləri bayraqdar.info üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

Güc amili üzərində inşa edilmiş sistem

O, qeyd edib ki, beynəlxalq sistem bu gün artıq güc amili üzərində inşa edilmiş sistemdir: “Artıq beynəlxalq hüquq arxa plana atılıb. Bunu bir neçə coğrafiyada aparılan hərbi əməliyyatlardan da görmək mümkündür. Biz Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qlobal sistemdə ayrı-ayrı ölkələrdə böhran əlamətlərini görürük, hiss edirik. Həm də Avropada və Amerikada inflyasiya dərinləşir ki, bu da iqtisadi tənəzzülə və sosial tələblərlə etirazların artmasına səbəb olur. Müxtəlif ölkələrdə qlobal böhrana və bahalaşmaya etiraz olaraq aksiyalar keçirilir. Bu da təbii olaraq həmin ölkələrin iqtidarlarına təsir edir”.

Dünya nizamı yeni dövrə qədəm qoyub

T.Nüsrətoğlu bildirib ki, istər İngiltərə, istər İtaliya, istərsə də digər ölkələrdəki proseslər bunu daha bariz və açıq şəkildə ortaya qoyur: “Dünya nizamının yeni bir dövrə qədəm qoyması ortadadır. Çoxqütblü bir dünya sistemi inşa olunur. Bəzi güc mərkəzləri istəsələr də, istəməsələr də bu, artıq dünyada bir reallığıa çevrilib. Bütün bunlar gərgin qarşıdurmalar, dünya siyasi sistemindəki böhranlarla müşahidə edilir. Avropanın Rusiyadan neft və qaz asılılığının yaratdığı vəziyyət, Rusiya ilə Amerikanın və Avropanın qərb cinahı arasındakı qarşıdurmanın Ukrayna sahəsindəki durumu ortadadır”.

Ukrayna Qərblə Rusiya arasında körpü rolunu oynamalı idi

Müsahibimiz deyib ki, əslində, tarixi, demoqrafik, mədəni baxımdan yanaşdıqda Ukrayna Qərblə Rusiya arasında körpü rolunu oynamalı idi: “Amma bunun əksinə olaraq Ukrayna hazırda bu iki qüvvə arasında mübarizə məkanına çevrilib. Demək ki, dünya siyasətinə yön verənlər bunu tərtib edirlər. Bunun altında da hər halda, siyasi, demoqrafik, strateji hədəflər var. Bütün bu baş verənlərin arxa planında köç mühəndisliyi dediyimiz bir məqam var. Çünki böyük müharibələrdə xalqların qismətinə məcburi köç də düşür”.

T.Nüsrətoğlu deyib ki, dünyadakı bəzi güclər sülhdən yox, müharibdən yanadırlar: “Heç uzağa getməyək, Türkiyə qlobal taxıl böhranının aradan qaldırılması üçün təşəbbüs göstərdi. İstanbulda anlaşma imzalandı. Amma elə bunun ardınca Odessada liman bombalandı. Yəni göründüyü kimi, dünyanı müharibələrə sürükləyənlər özlərini hər yerdə göstərirlər. Amma ümid edək ki, bəşəriyyət müharibələrə son qoyaraq, dünyanın sülh və əminamanlıq içərisində idarə olunmasına nail ola biləcək. BMT Təhlükəsizlik Şurasında çoxdan gözlənilən islahatlar reallaşacaq və bu qurumda ədalətli təmsil modeli formalaşacaq. Bütün ölkələrə beynəlxalq hüququn eyni şəkildə yanaşması təmin ediləcək”.

Mission News Theme by Compete Themes.