Press "Enter" to skip to content

Yunanıstan bütün sərhədləri aşır

Recep Tayyip Erdoğan

Recep Tayyip Erdoğandan Afinaya növəbti xəbərdarlıq

Bayraqdar.info – Son vaxtlar Türkiyəyə qarşı müxtəlif təxribatlara əl atan Yunanıstan eyni zamanda yerli türk azlığına qarşı təzyiqlərini daha da artırıb. Bu da Ankarada haqlı etiraza səbəb olub.

Belə ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Lozanna Sülh Müqaviləsinin 99-cu ildönümü münasibətilə yaydığı açıqlamada, son zamanlar müqavilədə qeydə alınan şərtlərin, xüsusilə türk azlığının hüquqlarının Yunanıstan tərəfindən görməzlikdən gəlindiyini və ya qəsdən pozulduğunu deyib.

Yunanıstan müqavilənin şərtlərini şüurlu şəkildə pozur

R.T.Erdoğanın bununla bağlı yaydığı mesajda deyilir: “Bu gün Türkiyə Cümhuriyyətinin təsis sənədlərindən biri olan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümünü qeyd edirik. Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan Yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna Sülh Müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasını diqqətlə izləyib”.

O da qeyd edilib ki, Yunanıstan müqavilənin şərtlərini şüurlu şəkildə pozur: “Lakin son dövrdə müqavilədə qeydə alınan şərtlər, xüsusilə türk azlığının hüquqları Yunanıstan tərəfindən görməzlikdən gəlinib və ya qəsdən pozulub. Ölkəmizin mehriban qonşuluqla bir araya sığmayan bu vəziyyəti qəbul etməsi mümkün deyil. Ölkəmiz öz bölgəsində davamlı sülh və əmin-amanlığın bərqərar olması, sevimli xalqımızın hüquqlarını qorumaq üçün hər cür səy göstərmək əzmindədir. Türkiyə 2023-cü ilə, Lozanna Sülh Müqaviləsi və Cümhuriyyətimizin 100-cü ildönümünə doğru möhkəm addımlar atarkən, regional və qlobal məsələlərdə də fəal mövqeyini gücləndirir. Lozanna Sülh Müqaviləsinin 99-cu ildönümündə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamalı, silahdaşlarını və şəhidlərimizi rəhmətlə anır, qazilərimizi hörmətlə yad edirəm”.

Batı Trakyada daha 4 türk məktəbi bağlanıb

Bu məqamda xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Yunanıstanın 2022-2023-cü tədris ilində Batı Trakya türk azlığına aid daha 4 ibtidai məktəbi bağlamaq qərarını qınadıqlarını ifadə edib: “Bu, Batı Trakyadakı soydaşlarımıza qarşı illərdir bütün sahələrdə həyata keçirilən ayrı-seçkilik və təzyiq siyasətinin göstəricisidir”.

Yunanıstanın 2022-ci ildə Batı Trakya türk azlığına aid daha 4 ibtidai məktəbi “qənaət tədbirləri” və “kifayət qədər şagird olmaması” bəhanəsi ilə bağlamaq qərarını qınadıqlarını ifadə edən T.Bilgiç, “Son illərdə təkrarlanan bu son qərarla birlikdə azlıqların ibtidai məktəblərinin yarısından çoxu bağlanıb. Beləliklə, Yunanıstanın Batı Trakya türk azlığına aid ibtidai məktəblərin “müvəqqəti dayandırma” yolu ilə bağlanması üçün həyata keçirdiyi siyasətin davamlı hal aldığı görünür”, – deyib.

Afina dini sahədə də təzyiqləri artırır

Lakin Yunanıstanın təzyiqləri məktəblərlə yekunlaşmır, dini sahəni də əhatə edir.

Belə ki, “To Vima” qəzetinin xüsusi xəbərinə görə, Yunaınsatnın Milli Təhsil və Diyanət İşləri Nazirliyi tərəfindən parlamentə təqdim edilən Batı Trakyada Müftiliklər və Müftilərlə əlaqədar yeni qanun layihəsinin bütün təfərrüatları açıqlanıb. Xəbərdə deyilir ki, Milli Təhsil və Diyanət İşləri Nazirliyi 33 nəfərdən ibarət Məşvərət Şurasının yaradılmasını davam etdirir. Bu qanunun qəbulu ilə Yunanıstan Batı Trakyada müftiləri də özü təyin edəcək.

Mission News Theme by Compete Themes.