Press "Enter" to skip to content

Türkiyədən Qırğızıstana körpələr evi və məktəb

Sözügedən təsisat

Bayraqdar.info – Ankaranın Etimesgut bələdiyyəsi Tanrı dağlarının ətəklərindəki qardaş şəhəri Narında körpələr evi və məktəb tikib.

Bayraqdar.info-nun media tərəfdaşı olan Türkel Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənlinin verdiyi xəbərdə belə deyilir.

2018-ci ildə araşdırma və turist səfərinə gələn Etimesgut bələdiyyə başqanı Enver Demirel başda olmaqla bələdiyyə məclisi üzvləri Narın vilayəti Qubernatorundan və bələdiyyə başçısından uşaq bağçası tikmək üçün müraciət alıb. Sonra bələdiyyə məclisi yekdilliklə qərar verib və şəhər şurası tikinti ilə bağlı qərar qəbul edib. İndi isə körpələr evi və məktəb hazırdır.

Hazırda açılan və 250 qırğız övladının təhsil alacağı məktəbə Böyük Qazi Mustafa Kemal Atatürkün adı verilib.

E.Demirel və dörd siyasi partiya təmsilçisindən ibarət 35 bələdiyyə məclis üzvü Narına gələrək məktəbin açılışını gerçəkləşdirib.

Tanrı dağının ətəyində Narın bölgəsinə aid bir vadidə Qırğızıstan rəsmiləri türkiyəli qonaqları duz-çörək və musiqi ilə qarşılayıb.

Açılış mərasimində E.Demireldən başqa, Türkiyənin Bişkek səfiri Ahmet Sadık Doğan, Narın valisi Altınbek Ergeşov, Narın bələdiyyə başqanı Kanbolat Tutuyev, şəhər şurasının üzvləri və Narın sakinləri iştirak edib.

Açılışı gerçəkləşdirən bələdiyyə başqanı E.Demirel deyib: “İnsanların həyatında mühüm dönüş nöqtələri var. Bildirmək istərdim ki, vacib günlərdən birini yaşayıram. Ölkəmizdən 5 min km aralıda belə bir uşaq bağçası və məktəbin tikilməsi bizi çox sevindirir. İnanıram ki, burada təhsil alacaq uşaqlar Türkiyə ilə Qırğızıstan dostluğuna xidmət edəcəklər. Biz eyni atanın övladlarıyıq.

“Türk dünyasına salamlar. Biz bir-birimizi sevməliyik, bir yerdə olmalıyıq.

“Məktəbə qurucumuz, öndərimiz Mustafa Kemal Atatürkün adını verdik. Atatürk, idealları və məqsədləri olan bir dövlət xadimi idi. Onun ideallarından biri də yeri gələndə türk cümhuriyyətləri ilə bir araya gəlmək idi. Bu gün ATAnın o ideallarına uyğun mühüm xidmət göstərilmişdir. İnanıram ki, məktəbimiz Türkiyə ilə Qırğızıstan arasında əlaqələri daha da gücləndirəcək və məktəbin qardaş qırğız xalqına xeyirli olmasını arzulayıram”.

Narın valisi və bələdiyyə başqanı da Türkiyə ilə qardaşlıq əlaqələrini vurğulayaraq, “bu gün bizim üçün bayramdır. Balalarımız bacı-qardaşlarımızın tikdirdiyi məktəbdə yaxşı təhsil alacaq, şəhərimiz, ölkəmiz üçün xeyirli işlər görəcəklər. Türk xalqına, bələdiyyə başqanı E.Demirelə təşəkkürümüzü bildiririk” demişdir.

Mərasimə qatılan Qırğızıstanlı bir ana, “Atatürkün adını daşıyan bu körpələr evi və məktəb sizin lideriniz və qurucunuz Atatürk kimi idealist və vətənpərvər qırğız balalarını yetişdirəcək” dedi.

E.Demirelə Qırğızıstan Nazirlər Kabineti tərəfindən təşəkkürnamə və Narının Fəxri vətəndaşı sertifikatı verilib.

Etimesgut bələdiyyə başqanı və məclis üzvləri Bişkek bələdiyyəsi ilə də çox faydalı görüş keçirib. İkitərəfli əməkdaşlıq və əlaqələrin inkişafı, gələcək barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd: 3 il əvvəl bələdiyyə başqanı E.Demirel və Araket Fondunun sədri Asel Asankanovanın töhfələri ilə Narın şəhəri ilə Etimesgut bələdiyyəsi arasında qardaşlıq və əməkdaşlıq müqaviləsi imzalanıb.

Mission News Theme by Compete Themes.