Son yeniləmə: 25 İyul 2022 19:34
Bayraqdar.info – Medianın İnkişafı Agentliyi (MEDİA) 22 İyul – Milli Mətbuat Günü tədbirləri çərçivəsində bu il bir ilkə imza atdı. Qurum məhz həmin gün Azərbaycan mətbuatının 147-ci ildönümünü hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs məkan sayılan Şuşada qeyd etmək qərarına gəldi və bunu ən yüksək səviyyədə icra etdi.
Biz də bu tarix olacaq tədbirə dəvətliydik. Düzdür, dəvəti eşidərkən bir qədər yorğunluq, başqa işlərin çoxluğu hardasa tərəddüdümüzə səbəb oldu. Amma belə bir gündə Şuşada həmkarlarımızla birlikdə olmaqdan da vaz keçə bilmədik.
Az sonra bəlli oldu ki, Prezident İlham Əliyev Şuşaya səfəri təyyarə ilə təşkil etməyi tapşırıb və bunun üçün dünyanın ən bahalı təyyarələrindən biri ayrılıb.
İyulun 22-si sabahın erkən saatlarında – 7-də Bakı Hava Limanından havalandıq. 210 nəfərlik “Şuşa” adlı Boeing 787-8 Dreamliner ağır-ağır havaya qalxdı, demək olar ki, tam dolu salonla az sonra, Ermənistanın işğalından azad edilmiş Qarabağda rekord müddətə tikilmiş Füzuli Beynəlxalq Hava Limanına endi.
Haşiyə: Yeri gəlmişkən, Bakıdan Füzuliyə uçduğumuz qısa zaman kəsimində Prezidentin köməkçisi Hikmət Hacıyev media təmsilçilərini təbrik etməklə bir ilkə imza atmış oldu. İlk dəfə idi ki, mətbuatın bayramını Şuşada qeyd etmək üçün təyyarə ilə gedirdik. İlk dəfə idi ki, sabahın erkən saatlarında bu münasibətlə təbriki təyyarənin salonunda dinləyirdik. Qəribə, həm də xoş hisslərdir bunlar…
Və ardından da avtobuslara minib Zəfər yoluyla doğma Şuşaya yollandıq.
Yol boyu müşahidə imkanlarımız oldu. Rahatlıq və abadlaşdırma işlərinin sürətlə aparılması istər-istəməz diqqət çəkir. Azərbaycan doğrudan da bir qurucu dövlətdir. Ermənistan işğal altında tutduğu 30 il ərzində nəinki bir dam belə tikməmiş, əksinə, olanları da yerlə yeksan etmişdisə, Azərbaycan dövləti bu qədər qısa müddətə sürətli quruculuq işləri aparmaqla torpağın əsl sahibi olduğunu bütün dünyaya göstərir.
Yolda dostlarla söhbət edə-edə az sonra gəlib yetişdik Şuşaya.
Haşiyə: Şuşanın yolları bir çox hallarda bərbaddır. İlk baxışdan adama elə gəlir ki, burda nəsə diqqətsizlik var. Amma elə deyil. İş ondadır ki, bu müqəddəs şəhərimizdə o qədər geniş çaplı tikinti-quruculuq işləri aparılır ki, yolları bərpa və təmir etmək hazırda məqsədəuyğun deyil. Çünki şəhərin hər tərəfində ağır çəkili yük maşınları hərəkət edir, müxtəlif məqsədli texnika işləyir. Belə bir şəraitdə yollar bərpa edilsə belə bir neçə günə yenə də dağılacaq. Ona görə də yol məsələsi arxa plandadır. Əsas güc özəlliklə də Şuşanın türk-islam kimliyinin bərpasına verilib və əməlli-başlı işlər görülüb.
Şuşada işğalçı Ermənistanın dağıtdığı Realnı məktəbin qalıqları önündəki meydanda geniş bir çadır qurulmuşdu. Bizim tədbirimiz burada keçiriləcəkdi.
Yüngül bir çay içərək tədbirimizə başladıq. Tədbirin gündəliyi, müzakirə edilən vacib mövzular haqqında həmkarlarımız gen-bol yazıblar. Ona görə də biz daha çox başqa məsələlər, özəlliklə də təşkilat və təminat haqqında fikirlərimizi bildirmək istərdik.
Bir qədər geri dönərək bildirək ki, Şuşa səfərinə hazırlıq işləri mükəmməl və qüsursuz aparımışdı. Bizi MEDİA adına bu tədbirə dəvət edən heyətin üzvləri sənədlərdən tutmuş COVID-19 testinə qədər hər şeyi o qədər dəqiq və çevik təşkil etdilər ki, ruhumuz da incimədi.
Elə Şuşada – tədbir zamanı da belə oldu. Həm MEDİA-nın heyəti, həm də media könüllüləri istənilən məsələdə çevik reaksiya verir, iştirakçıların suallarını cavablandırır, qayğılarını diqqətə alırdılar. Lori dildə desək, nə edim, necə edim kimi bir qayğımız olmadı. Hiss olunurdu ki, MEDİA bu tədbirə hazırlığı mümkün yüksək səviyyədə gerçəkləşdirməyi bacarıb.
Haşiyə: Tədbirin açılışında Azərbaycan himnini ifa etdik, şəhidlərimizin ruhuna sayğı duruşuna keçdik. Ardından da Hikmət Hacıyev Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə ünvanladığı təbriki səsləndirdi. İllərdir mediada olan və eyni zamanda bu cür tədbirlərdə dəfələrlə iştirak edən birisi kimi Prezidentin təbrikini belə bir ortamda dinləmək şəxsən mənə əlavə qürur hissi yaşatdı. Biz məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında keçirilmiş 44 günlük vətən müharibəsində azad edilmiş Şuşada bu təbriki eşidirdik. Qürurlanmazmayıq?
MEDİA-nın rəhbəri Əhməd İsmayılov isə bütün günü iştirakçılarla şəxsən maraqlanır, hər kəsə yaxınlaşır, söhbət edir, fikir mübadiləsi aparırdı. Yəni yeni nəsil vəzifəlilərdən gözlənilən də budur və tədbirdə bunu müşahidə etməyimdən məmnun oldum.
Tədbir, gəzintilər, təşkilatçılıq yüksək səviyyədə idi. Buna söz yox. Tədbirdəki müzakirələr, cəlb edilmiş məruzəçilər, müzakirə ortamı da yerində idi, uyğun idi. Üstəlik də arzu edənlər üçün azad müzakirə və mübahisə ortamı da təmin edilmişdi.
Və paralel şəkildə onu da müşahidə etdik ki, bizim Şuşa səfərimiz başlayar-başlamaz hər şeyə mız qoyanlar hərəkətə keçiblər. İddialar həmişəki kimi boş, çox zaman da qərəzli idi. Bu gün də eyni ovqatdan çıxa bilməyənləri müşahidə edirik.
İddialar arasında ən çox səslənən fikir “niyə layiq olduğu halda filankəs o tədbirə dəvət edilməyib” sualıdır. Haqlı sualdır. Həqiqətən də bu möhtəşəm və tarix olan tədbirə dəvət edilməyə haqqı çatan olduqca çox sayda həmkarımız var ki, onları orda görmədik. Görmək istərdik amma. Bununla belə onu da anlayırıq ki, cəmi 210 nəfərlik təyyarəylə maksimum o sayda adamı aparmaq olardı. Dediyimiz kimi, axı ora getməyə haqqı olanların sayı bundan qat-qat artıqdır. Eyni zamanda bir media forumuna minlərlə şəxsi dəvət etmək də ağlabatan deyil də…
O baxımdan düşünürük ki, haqqı olub ora çağırılmayanlar da bu mərhələdə bir qədər anlayışlı olsalar yerinə düşərdi.
Bir də sözün həqiqi mənasında heç bir haqqı olmadan çığır-bağır salanlar var. Şuşada olarkən dostlara da danışdım. Hər sayt açan iddia eləyir ki, bu cür tədbirlərdə mütləq iştirak etməlidir. Elə iddiaçılardan birinin saytını vərəqlədim. Sonuncu yazıları bu ilin mart ayına aid idi. Çağdaş texnologiyalar dövründə belə “operativlik” jurnalistika sayıla bilərmi? Yaxud da belə “jurnalistlər” də o tədbirdə iştirak haqqına iddia edə bilərmi?..
Sonda bir daha qeyd etmək istərdim ki, Şuşada keçirilmiş Beynəlxalq Media Forumu yüksək səviyyədə – qüsursuz təşkil edilmişdi. Bunu ona görə demirik ki, biz də dəvət edilmişik, ordan iştirak etmişik. Ona görə deyirik ki, yaxşıya yaxşı deyəcək qədər ürəkliyik. Şuşaya səfərə gəlincə, orada daha öncə də bir neçə dəfə olmuşuq və bu səfər bizim üçün əlavə müqayisə imkanı yaradırdı.
Sonda: Şuşanı əvvəlki səfərlərimizdəki Şuşayla müqayisə etdik. Olduqca böyük işlər görülüb və görülməkdədir. Həqiqətən də dövlətimizin bu möhtəşəmliyi bir vətəndaş olaraq bizə ancaq və ancaq qürur yaşadır…