Press "Enter" to skip to content

Suqovuşandan gələn su ilə…

Son yeniləmə: 25 İyul 2022 13:53

Bayraqdar.info – “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün bir sıra işlər görülür”.

Bunu bayraqdar.info-ya iyulun 25-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, bunun üçün Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla həyata keçirilir: “Artıq bu ilin məhsulu üçün əkilmiş taxıl, arpa, yem və yonca bitkilərinin suvarılması aparılıb, taxılın biçini isə yekunlaşıb. Bundan başqa, Tərtər rayonunda bu il 3 min 450 hektar sahədə pambıq da əkilib. Pambığın suvarılması da plana uyğun olaraq yerinə yetirilir. Hazırda Suqovuşan su anbarından gələn su vasitəsilə rayonda suvarma davam edir”.

D.Şərifov deyib ki, Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması üçün torpaq məcralı kanalların lildən və kol-kosdan təmizlənməsi işləri də hazırda davam etdirilir: “Bu istiqamətdə su itkisini minimuma endirmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması da nəzərdə tutulub. Belə ki, cari ildə 2.2 km uzunluqda kanalın beton üzlüyə alınması planlaşdırılır. Bundan başqa, idarənin balansında olan 4 ədəd subartezian quyusunun da təmir-bərpasına start veriləcək”.

Qeyd edilib ki, Tərtər Suvarma Sistemləri İdarəsi rayon ərazisində 29 min 133 hektar əkin sahəsinə xidmət edir. Rayonda suvarma Tərtərçay, subartezian, İncəçay və Yuxarı Qarabağ kanalı üzərində yerləşən Bəyimsarov nasos stansiyası ilə həyata keçirilir”.

Mission News Theme by Compete Themes.