Son yeniləmə: 25 İyul 2022 09:51
Bayraqdar.info – Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. İyulun 22-dən 24-dək keçirilən çempionatda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışa Respublika Velotreki ev sahibliyi edib: “Mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qalibləri təbrik edib. O, dövlətimiz tərəfindən idmana və idmançılara xüsusi diqqət və qayğı göstərildiyini bildirib. R.Abbasov velosipedçilərə qarşıdan gələn V İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıb”.
Daha sonra qalib idmançılar fəxri kürsüyə dəvət olunublar: “Qızlar arasında Ayan Xankişiyeva QİT-500 m və 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində, 7,5 km məsafəyə skretç növündə və qrup yarışlarında fərqlənib. Viktoriya Sidorenko isə 2 km məsafəyə fərdi ötüşmədə və sprint növü üzrə yarışlarda birinci yerə layiq görülüb. Oğlanlar arasında Musa Mikayılzadə U-23/Elit yaş kateqoriyasında 3 km məsafəyə fərdi, QİT-1000 m məsafəyə, 72 dairədən ibarət xallar üzrə qrup, 10 km məsafəyə skretç, həmçinin sprint növü üzrə və U-23/Elit yaş kateqoriyasında qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamran Mirzəxanov 3 km məsafəyə fərdi və gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində, Hüseyn Nərimanov isə QİT-1000 m yarışlarında fərqlənib”.
Məlumata əsasən, qaliblərə mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər.
Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək. Nəticələr həm Azərbaycanın, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.