Press "Enter" to skip to content

Növbəyə yazılma prosesi başlayır

Son yeniləmə: 25 İyul 2022 14:15

Bayraqdar.info – İyulun 26-da saat 11:00-dan etibarən Bakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanacaq.

Bu barədə bayraqdar.info-ya iyulun 25-də Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi başlanıb: “Proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi vasitəsilə həyata keçirilir. Valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi mərhələli şəkildə həyata keçirilir. Yekun olaraq avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər”.

Bildirilib ki, valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək: “Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Məlumat üçün bildirək ki, iyulun 22-də saat 11:00-dan etibarən ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb”.

Mission News Theme by Compete Themes.