Press "Enter" to skip to content

Növbəti təqdimat: Vasif Adıgözəlov

Son yeniləmə: 25 İyul 2022 14:38

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Vasif Adıgözəlova həsr olunub.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən V.Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür: “V.Adıgözəlov Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı heç vaxt unutmayıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb”.

Qeyd edilib ki, V.Adıgözəlovun əsərləri nəinki Azərbaycanın, dünyanın bir çox yerlərində, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Məlumata əsasən, iri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb: “Şuşanın, daha sonra bütün Qarabağın işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Təsadüfi deyil ki, ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam laylay” əsərləri, üzərində sərasər on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı. Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub”.

Vurğulanıb ki, Şuşa şəhəri 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi: “Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”na görkəmli bəstəkarın oğlu Yalçın Adıgözəlov dirijorluq edirdi. Şuşadan, Qarabağdan ayrılmağı sonsuz kədərlə qarşılayan bəstəkar təbii ki, bu itkinin müvəqqəti olmasına inanırdı və bu inamın, bu təntənəli qayıdışın akkordları elə ilk notlardan hiss olunurdu. Bu unudulmaz günədək yaşamaq bəstəkara nəsib olmasa da, 30 ildən sonra onun möhtəşəm Zəfər müjdəli notlarının Cıdır düzündə səslənməsi qala-konsertin kulminasiya nöqtəsi oldu”.

Mission News Theme by Compete Themes.