Press "Enter" to skip to content

Gürcüstanda “Alyans”a maraq artır

Bayraqdar.info – Gürcüstanda yaşayan azərbaycanlı gənclərin paytaxt Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinə marağı gündən-günə artır.

Bu barədə bayraqdar.info-ya iyulun 25-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu mərkəzin nəzdindəki gürcü, ingilis, alman dilləri, Azərbaycan, Gürcüstan tarixi, mədəniyyəti, xalçaçılıq və rəsm kurslarında təkcə Tbilisidən deyil, həm də paytaxt ətrafındakı müxtəlif rayonlardan olan 150-yə yaxın azərbaycanlı gənc fəal iştirak edirlər. Soydaşlarımıza bütün fənlər yüksək səviyyədə tədris edilir.

Qeyd edilib ki, “Alyans” Gənclər Mərkəzi ardıcıl olaraq gənclərimizin Gürcüstanın ictimai-siyasi və humanitar həyatına inteqrasiyasının gücləndirilməsi, Azərbaycanın bu ölkə ilə mehriban qonşuluq əlaqələrinin tarixinə yaxşı bələd olması, eyni zamanda asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə müxtəlif mədəni tədbirlər,Tbilisidəki mədəniyyət ocaqlarına və tarixi məkanlara maarifləndirici ekskursiyalar təşkil edir: “Gənc soydaşlarımıza həmçinin xalqımıza xas olan nəciblik, mərhəmət, xeyirxahlıq kimi keyfiyyətlər aşılanır. Bu məqsədlə yaxın günlərdə rəsm kursu müdavimlərinin əsərlərindən ibarət satış sərgisi keçiriləcək. Əldə olunan gəlir fiziki problemi olan gürcü və azərbaycanlı uşaqların müalicəsinə sərf olunacaq”.

Məlumata əsasən, bu günlərdə Diaspor TV-nin çəkiliş qrupu mərkəzdə olub. “Vətən uzaqda deyil” proqramının mərkəzin fəaliyyətinə həsr olunacaq buraxılışında bu qeyri-hökumət təşkilatının direktoru Rəna Hüseynovanın, müəllimlərinin və müdavimlərinin fikirlərinə yer veriləcək: “Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən mərkəzin nəzdindəki kurslar azərbaycanlı uşaqlar üçün tamamilə ödənişsizdir. Bu, Komitənin qonşu ölkədə həyata keçirdiyi ən vacib layihələrindən biridir. Kursların sonunda müdavimlərə sertifikatlar təqdim edilir. Məhz bu kursların fəaliyyəti sayəsində azərbaycanlı gənclər Gürcüstanın müxtəlif ali məktəblərinə qəbul olunmaq üçün lazımi biliklər əldə etmək imkanı qazanırlar. Kursların iştirakçıları DİDK-ə “Alyans” Gənclər Mərkəzində həyata keçirilən layihələrə dəstək göstərdiyinə görə xüsusi təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər”.

Mission News Theme by Compete Themes.