Press "Enter" to skip to content

Seyid Əli Xamneyinin müctəhidliyi də sual altındadır

Məcid Cavadi

Son yeniləmə: 25 İyul 2022 12:26

Məcid Cavadi: Seyid Əli Xamneyinin ali dini lider kimi səlahiyyəti, yəni müctəhidliyi sual altındadır

Bayraqdar.info – “Əvvəla qeyd edim ki, siz onu İranın ali dini lideri adlandırırsınız. Bu isə səhvdir. Çünki o, İranın ali siyasi lideridir”.

Bunu bayraqdar.info-nun “İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini necə dəyərləndirirsiniz” sualını cavablandıran Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

Onun sözlərinə görə, S.Ə.Xamneyinin ali dini lider statusu doğru deyil: “Çünki onun ali dini lider kimi səlahiyyəti, yəni müctəhidliyi sual altındadır. O, İran rejiminin başına gətirilən dönəmdə müctəhid deyildi. Bunu hamı bilir. O, heç bir dini təhsil almadan, dini məsələlərlə məşğul olmadan birdən-birə ayətullah, müctəhid adlandırıldı. Amma bu doğru deyil. Onun müctəhidliyi buna bənzəyir ki, sanki birisi bakalavr təhsilini başa vurub, amma birdən-birə ona doktor elmi dərəcəsi verilib. Yəni ayətullah olmaq üçün bir proses var ki, onu keçməlisən. O, isə bu prosesi keçməyib”.

Müsahibimiz deyib ki, eyni zamanda Nəcəfdəki və Qumdakı çox ciddi ayətullahlar və müctəhidlər S.Ə.Xamneyinin ayətullahlığını və müctəhidliyini qəbul etmir. Çünki lazımi proseduru keçməyib. Düzdür, çevrəsindəki 4-5 saray mollası ona ayətullah deyir. Amma bunun əsası yoxdur. Şiə dünyasının 30-a yaxın ali dini lideri var. Baxaq görək onların neçəsi bunu qəbul edir? Dolaysı ilə bu adamın dini səlahiyyəti zatən yoxdur. S.Ə.Xamneyi sadəcə İranın ali siyasi liderdir”.

M.Cavadi deyib ki, S.Ə.Xamneyi ali siyasi lider olaraq da İranda fars millətçiliyinin maraqlarına uyğun şeylər danışır: “Zəngəzur dəhlizi ilə bağlı fikirləri ilə də o, İran rejimin mahiyyətini növbəti dəfə ortaya qoydu. Bir daha bəlli oldu ki, fars-molla rejimi türk dünyasının bir araya gəlməsindən, Azərbaycanın güclənməsindən narahatdır. O da bir daha öz təsdiqini tapdı ki, fars-molla rejimi sözdə İslamın keşiyində durduğunu iddia etsə də əməldə müsəlmanlara olmazın zülmlər verən Ermənistanla dostluq edir, bu ölkəyə hərtərəfli dəstək göstərir”.

“Əslində, biz Güney Azərbaycan türkləri olaraq bunu uzun illərdir bəyan edirik. Uzun illərdir deyirik ki, bu rejimin adı İran rejimi olsa da nəticə etibarı ilə fars rejimidir. Bunu son illərdə rejim təmsilçiləri özləri də açıq şəkildə bəyan edirlər. Bizim xalqımız da hər zaman bunu nəzərə alaraq addım atıb. Mediada bununla bağlı silsilə yazılar gedir. Yeri gələndə xalqımız bu rejimin əməllərinə qarşı praktik addımlarda da bunu göstərir. Məsələn, İkinci Qarabağ müharibəsində xalqımız şəhərlərdə küçələrə çıxaraq İran rejiminin apardığı siyasətə etiraz etdi. Xalqımızn basqısı İran rejiminin Azərbaycana qarşı olan siyasətini qismən də olsa zərərsizləşdirdi. Bununla bağlı bir çox örnəklər var. Bu rejimin anti-Azərbaycan addımlarına da xalqımız hər zaman öz etirazını bildirir və bundan sonra da bildirəcək”, – deyə M.Cavadi əlavə edib.

Mission News Theme by Compete Themes.