Press "Enter" to skip to content

Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış

Bayraqdar.info – Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonunda olub: “Səfər çərçivəsində nazir A.Kərimov və rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Sonra A.Kərimov 2009-cu ildən fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. Mərkəzlə tanışlıq zaman bildirilib ki, burada Ulu Öndərin dövlətçilik irsini əks etdirən ekspozisiya yaradılıb. Mərkəzdə rəssamlıq, şahmat və bacarıqlı əllər dərnəkləri də fəaliyyət göstərir”.

Məlumata əsasən, nazir daha sonra İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə baxış keçirib. Nazirə kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib: “A.Kərimov İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində də olub. Qeyd olunub ki, məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə tədris aparılır. Məktəbdə 69 nəfər müəllim çalışır, 292 şagird təhsil alır. Səfər çərçivəsində, həmçinin 2012-ci ildən fəaliyyət göstərən İsmayıllı Dövlət Rəsm Qalereyasına, 1981-ci ildə yaradılan İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazir A.Kərimov İsmayıllı şəhidlərinin uyuduğu məzarlığı da ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə dərin ehtiramını bildirib”.

Mission News Theme by Compete Themes.