Press "Enter" to skip to content

General: Rusiya sülhməramlıları sülhə və sabitliyə xidmət etməyib

Dr. Yücel Karauz

Son yeniləmə: 22 İyul 2022 11:57

Dr. Yücel Karauz: Rusiya sülhməramlıları nəinki bu təxribatların qarşısını alır, əksinə, özləri də təxribatlar törədirlər

Bayraqdar.info – “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin, o cümlədən Rusiya sülhməramlılarının əsas vəzifəsi sülhün, sabitliyin və rifahın təmin edilməsinə dəstək olmaq, o cümlədən 10 noyabr 2020-ci il Bəyanatına, həmçinin Moskva və Brüssel görüşlərində əldə edilən razılığa zidd addımları müəyyən etmək, onların qarşısını almaqdır. Qeyd edim ki, Monitorinq Mərkəzi qarşıya qoyulan vəzifələrin öhdəsindən lazımi şəkildə gəlir. Ermənistan əsgərlərinin, silahlı terrorçu qruplaşmaların bütün hərəkətləri qeydə alınır və zamanında bu barədə müvafiq mərkəzlərə məlumat verilir”.

Bunu bayraqdar.info-nun “son vaxtlar baş verənlərə görə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi və Rusiya sülhməramlıları nə dərəcədə məsuliyyət daşıyır” sualını cavablandıran Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Rusiya sülməramlıları tamamilə başqa, özü də qəbuledilməz mövqe sərgiləyirlər.

Sülhməramlıların Xocalı, Laçın və Xocavənddəki qəbuledilməz davranışlarını dəyərləndirən general buna görə əsas məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü deyib: “Bu təxribatlara görə əsas sorumlu ermənilər və ruslardır. Daha da dəqiq desək, Rusiya 10 noyabr 2020-ci il Bəyanatına əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Lakin Rusiya səmimi davranmamaqda və Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını almamaqdadır. Ən son olaraq Tehranda Recep Tayyip Erdoğanla Vladimir Putin arasındakı görüşdə də regionda əbədi sülhün əldə edilməsinə maneə yaradan məqamlarla bağlı məsələlər də müzakirə edildi”.

“Bir daha deyirəm ki, Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladığı vaxtdan bu günə kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Sadəcə adından da göründüyü kimi, bu mərkəzin işi monitorinq etmək, regionda baş verən hər hansı xoşagəlməz halı dərhal müəyyən edərək müvafiq mərkəzlərə məlumat verməkdir. Bu vaxta kimi də həmin işlər heç bir geriləmə olmadan reallaşdırılıb. Ancaq bunu hər kəs bilməlidir ki, hər hansı terrorçu qruplaşmaya, silahlı dəstəyə qarşı tədbirlər görmək məsuliyyəti birbaşa Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki Monitorinq Mərkəzinin silahlı qüvvələri yoxdur və anlaşmaya görə, mərkəzin müəyyən etdiyi hallara qarşı Rusiya sülhməramlıları tədbir görməlidir. Lakin Rusiya sülhməramlıları nəinki bu təxribatların qarşısını alır, əksinə özləri də təxribatlar törədirlər”, – deyə Y.Karauz əlavə edib.

Onun sözlərinə görə, bu, Rusiyanın ikiüzlü siyasətinin, məsələlərə ikili standartlardan yanaşmasının bariz nümunəsidir: “Bir sözlə, ötən iki il ərzində Rusiya sülhməramlıları sülhə və sabitliyə xidmət etməyib”.

Mission News Theme by Compete Themes.