Press "Enter" to skip to content

Uğurlu xarici siyasətin bəhrəsi

Naqif Həmzəyev

Naqif Həmzəyev: Postmüharibə dövründə Azərbaycan regiona əbədi sülhün gəlməsi üçün də uğurlu diplomatik addımlar atmaqdadır

Bayraqdar.info – “Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlar, qonşu dövlətlər və region ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycan ilk növbədə vaxtı ilə işğal altında olan torpaqlarının işğaldan azad edilməsi üçün beynəlxalq müstəvidə maarifləndirmə və ölkə haqqında həqiqətlərin dünyaya çatdırılması ilə bağlı siyasət həyata keçirirdi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın xarici siyasətinin uğurlarından da bəhs edildiyini bildirib.

Deputatın sözlərinə görə, məhz bu uğurlu siyasət nəticəsində faktiki olaraq 44 günlük Vətən müharibəsinə qədərki dövrdə Azərbaycan hüquqi baza formalaşdıra bildi: “Nəticədə də əksər dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanındı. BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı müxtəlif beynəlxalq qurumlar və ölkələr tərəfindən dəfələrlə bəyanatlar verildi. Bütün bunlarla yanaşı Azərbaycanın uğurla həyata keçirdiyi iqtisadi siyasət də öz sözünü dedi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi regional və qlobal layihələrin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv rol oynayan bir dövlətə çevrilib”.

Deputat deyib ki, bu layihələrin reallaşmasında Azərbaycanın beynəlxalq nüfuzu və xarici ölkələr, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən Respublikaya verilən xüsusi dəyər mühüm rol oynadı: “Bütün bunlarla yanaşı Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrliyi dövründə bu qurumun bəlkə də ən aktiv dönəmini yaşaması da xüsusi vurğulanmalıdır. Məhz Azərbaycanın nümunəvi və faydalı işlərini əsas götürərək Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən ölkəmizin sədrliyi 2023-cü ilə qədər uzadıldı. Bu da Azərbaycana verilən yüksək dəyərdir. Ümumiyyətlə 44 günlük Vətən müharibəsində beynəlxalq birliyin sərgilədiyi mövqe məhz Azərbaycanın uğurlu siyasətinin nəticəsi idi. Azərbaycanın zəfəri bu gün bütün dövlətlər tərəfindən qəbul edilir”.

“Bir sözlə, Azərbaycanın xarici siyasəti dünya ölkələri tərəfindən öyrənilir, həyata keçirilən işlər öz müsbət nəticəsini verir. Postmüharibə dövründə Azərbaycan regiona əbədi sülhün gəlməsi üçün də uğurlu diplomatik addımlar atmaqdadır. Uğurlu siyasət eyni zamanda iqtisadiyyatın güclənməsinə və bu da əhalinin sosial rifah halının daha da yaxşlaşmasına yol açır”, – deyə N.Həmzəyev sonda əlavə edib.

Mission News Theme by Compete Themes.