Press "Enter" to skip to content

Azərbaycan Orta Asiya dövlətlərinin Zirvəsinə maraq göstərir

Orta Asiya liderlərinin xatirə şəkli

Son yeniləmə: 21 İyul 2022 20:18

Bayraqdar.info – İyulun 20-21-də Qardaş Qırğızıstanın Çolpon-Ata şəhərində beş Orta Asiya dövləti rəhbərlərinin dördüncü məsləhətləşmə Zirvəsi keçirilib. Zirvəyə ev sahibi Qırğızıstanın Prezidenti Sadır Caparovla bərabər Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov qatılıb.

Dövlət başçıları bölgədə iş birliyi, ölkələr arasında münasibətlərin dərinləşdirilməsi, eyni zamanda ortaq fəaliyyət istiqamətləri ilə bağlı müzakirə aparıblar.

Maraqlıdır ki, Zirvədə Azərbaycanla bağlı da məsələ müzakirə edilib.

Zirvə görüşünün keçirildiyi məkandan bayraqdar.info-nun media tərəfdaşı Türkel Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənli bununla bağlı məlumat verib.

R.Məşədihəsənlinin bayraqdar.info-ya verdiyi xəbərdə deyilir ki, Zirvə görüşünün sonuncu toplantısına başçılıq edən Qırğızıstan Prezidenti iştirakçılara bildirib ki, Azərbaycan iyulun 20-də Orta Asiya Dövlət Başçılarının Məsləhət Zirvəsinə müşahidəçi kimi qatılmaq fikrini ifadə edib. S.Caparov məlumatı paylaşdıqdan sonra dövlət başçıları bundan məmnunluq ifadə ediblər. Qərara alınıb ki, bununla bağlı xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr aparılsın və bir sonrakı Zirvədə məsələyə baxılsın.

Əlavə edək ki, növbəti Zirvə görüşü bir il sonra Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Ona qədərsə Azərbaycanın təklifi ilə bağlı məsləhətləşmələr aparılacaq və ölkə müşahidəçi kimi Zirvəyə dəvət ediləcək.

Mission News Theme by Compete Themes.