Press "Enter" to skip to content

Azərbaycan ən qısa müddətdə mühüm yol qət edib

Ramil Həsən

Son yeniləmə: 21 İyul 2022 09:37

Ramil Həsən: Azərbaycanı sağlam və etibarlı tərəfdaş kimi qəbul edən AB Orta Asiya siyasətində də rəsmi Bakının dəstəyinə ümid bəsləyir

Bayraqdar.info – “Azərbaycanla Avropa Birliyi (AB) arasında uzun illərə dayanan münasibətlər mövcuddur. Bu münasibətlər nəticəsində həm Azərbaycan, həm də AB üçün maraqların tamamilə təmin olunduğu Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Onu da deyim ki, Azərbaycan ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyi və fəaliyyəti nəticəsində AB ilə əməkdaşlıqda milli maraqlarını əsas olaraq öndə tutub”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, AB ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışarkən Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Layenin Azərbaycana səfərinin üzərində xüsusi olaraq dayanmalıyıq: “Səfər zamanı Prezident İ.Əliyevlə görüşən xanım Ursula fon der Layenin səfərdən öncə və sonra oz Twitter hesabından etdiyi paylaşımlar da diqqət mərkəzində oldu. Həm Bakıda verilən bəyanat, həm də bu paylaşımlar onu deməyə əsas verir ki, Azərbaycan ən qısa müddətdə AB-nin strateji tərəfdaşına çevrilmək üçün mühüm yol qət edib. Azərbaycan öz mövqeyindən, milli maraqlarından bir addım belə çəkilmədən AB ilə uzunmüddətli münasibətlərin, xüsusilə də qaz və enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı yeni mərhələnin başlanğıcını qoymuşdu”.

R.Həsən bildirib ki, burada ən önəmli məqamlardan biri də AB-nin Orta Asiyadakı türk dövlətləri ilə əlaqələrin qurulması prosesində Azərbaycanın körpü rolunu oynamasıdır: “Xanım Ursula fon der Layen məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirib. Hesab edirəm ki, bu da təsadüfi deyil. Çünki Türk Dövlətləri Təşkilatı qurulan zaman Azərbaycanın burada aparıcı rol oynayan iki dövlətdən biri olduğunu Avropada da yaxşı bilirlər. Eyni zamanda, hazırda da Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Orta Asiyanın türk dövlətləri ilə qurduğu sıx əlaqələr AB tərəfindən yaxından izlənilir”.

Deputat deyib ki, Azərbaycanı sağlam və etibarlı tərəfdaş kimi qəbul edən AB Orta Asiya siyasətində də rəsmi Bakının dəstəyinə ümid bəsləyir: “Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda hər keçən gün daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsi AB-ni yeni enerji müttəfiqləri axtarışına sövq edir. Bu istiqamətdə Orta Asiyanın türk dövlətləri də var ki, onlarla əlaqələrin də məhz Azərbaycan vasitəsilə qurulmasına üstünlük verilir. Azərbaycanın vasitəçi kimi önə çıxması da ölkəmizin xarici siyasətində növbəti böyük uğur kimi dəyərləndirilməlidir”.

Millət vəkili qeyd edib ki, bütün bunlar ondan xəbər verir ki, regionda yeni səhifə açılmaqdadır: “Mövcud geostrateji düzən Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə təkan verir. Burada da ən mühüm məqam Azərbaycana olan inam və etimaddır. Yəni dövlət başçısı İ.Əliyevin “imzamız sözümüz qədər keçərlidir və etibarlıdır” kəlamından yola çıxaraq Azərbaycana beynəlxalq aləmdə olan yüksək inam və etimadın şahidi olmaqdayıq”.

Mission News Theme by Compete Themes.