Son yeniləmə: 21 İyul 2022 09:44
Bayraqdar.info – Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mübarizəyə əsas mərhələdən başlayan milli komandanın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək onaltıdabir finala yüksəlib: “Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı səkkizdəbir finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb – 15:6”.
Məlumata əsasən, dünya reytinqinin 1 nömrəsi olan qadın A.Başta dörddəbir finalda yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlubiyyətə uğradıb: “Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan A.Başta həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçı dünya çempionatının gümüş medalını qazanıb”.