Press "Enter" to skip to content

Terroru dəstəkləyən ölkələrin NATO-da yeri yoxdur

Hulusi Kılıç

Son yeniləmə: 20 İyul 2022 14:47

Hulusi Kılıç: İsveç və Finlandiya üzərlərinə götürdükləri öhdəlikləri bir an öncə yerinə yetirməlidirlər

Bayraqdar.info – “İyunun 29-da sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın, həmçinin İsveç və Finlandiya prezidentləri ilə NATO Baş katibinin şahidliyi ilə Madriddə hər üç ölkənin xarici işlər nazirləri 8 maddəlik memorandum imzaladı. Bu sənəddə açıq şəkildə Finlandiya və İsveç PYD/YPG və Türkiyədə FETÖ olaraq tanınan terror təşkilatına dəstək verməyəcəklərinə dair öhdəlik götürdü”.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Memorandumun bəndlərinə əməl edilməlidir

İsveçin FETÖ-nün öndə gələn üzvlərindən birini Türkiyəyə təhvil verməkdən imtina etməsinə münasibət bildirən səfir deyib ki, Memorandumun 4-ci maddəsində konkret olaraq bu məsələ öz əksini tapıb:

“Həmin maddədə deyilir: “Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyir. Bu çərçivədə Finlandiya və İsveç PYD/YPG və Türkiyədə FETÖ olaraq tanınan terror təşkilatına dəstək verməyəcək. Türkiyə, həmçinin, Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir. Finlandiya və İsveç terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bildirirlər”. 5-ci maddədə isə deyilir ki, Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir. Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının, onların uzantılarının fəaliyyətləri ilə bağlantısı olan şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür. Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlıqlarını artırmaq qərarına gəliblər. Finlandiya və İsveç bu terror təşkilatlarının ambisiyalarını rədd edir. Göründüyü kimi hər iki ölkə NATO-nun vasitəçiliyi ilə üzərinə mühüm öhdəliklər götürüb”.

H.Kılıç bildirib ki, dövlətlərin bu çərçivədə imzaladıqları sənədlərə hörmət etməsi, atılan imzaların arxasında durması vacibdir: “İsveç və Finlandiya da atılan imzalarına hörmətlə yanaşaraq sənəddə öz əksini tapmış öhdəlikləri bir an öncə yerinə yetirməlidirlər. Bununla yanaşı İsveç Türkiyənin terrorçu kimi qəbul etdiyi, yəni terrorçuluq fəalyyətləri sübut edilmiş şəxsləri Türkiyəyə təhvil verməlidir”.

Ratifikasiya təxirə salına bilər

Qeyd olunub ki, əgər İsveç, yaxud da Finlandiya Türkiyənin sözügedən istiqamətdə tələblərinə əməl etməzlərsə, bu, onlar üçün heç də xoş gələcək vəd etmir: “Bəlli olduğu kimi, alyans üzrə müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolu imzaladılar. Növbəti mərhələdə protokol milli prosedurlara uyğun olaraq ratifikasiya edilməsi üçün NATO ölkələrinə göndərilir. Həmin ölkələrin parlamentləri bu sənədi ratifikasiya edəcəyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya rəsmi üzvlüyü gerçəkləşə bilər. Lakin o ölkələrdən tək birinin parlamenti bu sənədi ratifikasiya etməzsə, o zaman üzvlük məsələsi sual altına düşər”.

Bildirilib ki, bunun konkret olaraq nümunəsi də var: “Xatırladım ki, məhz Yunanıstan parlamentinin zamanında müvafiq sənədi ratifikasiya etməməsi səbəbindən Makedoniyanın NATO-ya üzvlüyü 12 ildən sonra mümkün oldu. Eyni taleyi İsveç və Finlandiya da yaşaya bilər. Türkiyə xoş məram nümayiş etdirərək bu ölkələrin NATO-ya üzvlüyünə dair vetosunu aradan qaldırdı. Amma bu ölkələr terror yanlısı kimi siyasətlərini davam etdirərlərsə, o zaman Türkiyə də onların NATO-ya üzvlüyü ilə bağlı sənədin TBMM-ə göndərilməsini təxirə sala bilər”.

Əgər İsveç və Finlandiya…

Keçmiş səfir vurğulayıb ki, NATO təhlükəsizlik alyansıdır: “Terrora, terrorçuluğa qucaq açan ölkələrin isə bu alyansda yeri ola bilməz. Ona görə də İsveç və Finlandiyanın davranışlarına aydınlıq gətirilməsini NATO rəhbərliyi də tələb etməlidir. Əks halda Türkiyənin atacağı addıma görə kimsə bizə etiraz edə bilməz. Bir sözlə, top İsveç və Finlandiyanın sahəsindədir. Əgər onlar yaxşı oynaya bilərlərsə o zaman prosesdən qazanclı çıxacaqlar”.

Mission News Theme by Compete Themes.