Son yeniləmə: 20 İyul 2022 18:34
Emin Həsənli: Həmin işlərin nəticəsidir ki, bu gün Azərbaycanda güclü ordu var və bu ordu Vətən müharibəsində böyük qələbə əldə edib
Bayraqdar.info – “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələrinin müasir standartlara uyğunlaşdırlması, ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silahlarla təmin edilməsi, orduda islahatların aparılması istiqamətində sistemli, məqsədyönlü işlər görülüb. Həmin işlərin nəticəsidir ki, bu gün Azərbaycanda güclü ordu var və bu ordu Vətən müharibəsində böyük qələbə əldə edib”.
Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, Vətən müharibəsindən sonra da silahlı qüvvələrimiz təlimləri davam etdirir: “Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yeni hərbi şəhərciklər salınır. Dünyanın ən müasir silahları, hərbi texnikası Azərbaycan ordusunun istifadəsinə verilir. Ordumuzun peşəkarlığı hər keçən gün daha da artır. Azad edilmiş ərazilərdə əsasən komando hərbi hissələri yaradılır. Bunlar da həddindən artıq peşəkardır”.
E.Həsənli bildirib ki, İ.Əliyevin dövründə eyni zamanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb ki, bunun da nəticəsində müasir standartlara uyğun silahlar istehsal edilir: “Həmçinin, Azərbaycanda 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə çağırış sistemində şəffaflıq təmin edildi. Bu da ordu quruculuğunda islahatların davamı idi. Artıq səfərbərlik sisteminin müasirləşməsi istiqamətində qarşıya tapşırıqlar qoyuldu və qısa zamanda da bu tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi. Müharibə zamanı da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sınaqdan uğurla çıxdı”.
“Yəni bu bir həqiqətdir ki, Azərbaycanda ordu quruculuğunun bütün istiqamətlərində sistemli ardıcıl işlər həyata keçirilir. Bu işlərin də ən böyük testi, ümumiyyətlə ordunun təlimlərdə hazırlığı, ordunun müasir silah və hərbi texnikasının olması, hərbçilərin mənəvi-psixoloji hazırlığının yüksək olmasının ən yüksək yoxlanış yeri müharibədir. Bu müharibə onu sübut etdi ki, ordumuz yuxarıda bəhs edilən bütün istiqamətlərdə sınaqdan yüksək səviyyədə çıxıb”, – deyə E.Həsənli vurğulayıb.
İyulun 15-də İ.Əliyevin sədrliyi ilə keçirilən və 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında dövlət başçısının Azərbaycanda ordu quruculuğu ilə bağlı məsələlərə də geniş şəkildə toxunduğunu deyən E.Həsənli əlavə edib ki, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Prezident davamlı olaraq fərman və sərəncamlar imzalayır: “Müvafiq işlər görülür. Hərbi qulluqçuların əməkhaqqı artırılıb. Hərbçilər mənzillərlə təmin edilir. Yeni salınacaq hərbi hissələrdə hərbçilərin ailələrinin istirahəti üçün hər cür şərait yaradılır. Mənzil verilməyən hərbçilərə kirayə pulu verilir. Hərbçilərin sağlamlığının qorunması istiqamətində addımlar atılır. Yeni hospitallar tikilir. Hərbi həkimlərimiz qardaş Türkiyədə və dünyanın bir çox aparıcı ölkələrində təhsil alırlar. Müharibədə zərər görmüş hərbçilərimiz 4-cü nəsil protezlərlə təmin edilir. Gələcəkdə də bu addımların atılması davam edəcək”.