Son yeniləmə: 20 İyul 2022 09:02
Vüqar Bayramov: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu daha da artacaq
Bayraqdar.info – “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında xüsusi paya malikdir. Nəzərə alaq ki, bir tərəfdən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə ölkə daxilində enerji, eləcə də elektrik infrastrukturunun formalaşmasına xüsusi investisiya qoyuluşu həyata keçirir”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
İyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında dövlət başçısının Azərbaycanda energetikanın inkişafı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna da xüsusi toxunduğunu deyən deputat qeyd edib ki, iyulun 18-də Azərbaycan ilə Avropa Birliyi (AB) arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa Birliyi arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mühüm əhəmiyyətə malikdir: “Sənəd tərəflər arasında strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. AB Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir”.
V.Bayramov əlavə edib ki, ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha da güclənməkdədir: “Azərbaycanda “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa Birliyi üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan daxili şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə Birlik ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək”.
O da vurğulanıb ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir: “Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib”.
V.Bayramovun sözlərinə görə, AB də Güney Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır: “AB-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. Birlik pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib. Azərbaycanla AB arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa Birliyinin Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa Birliyinin Güney Qafqazda ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Güney Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır”.
Qeyd olunub ki, Azərbaycan Avropaya yalnız mavi qaz və neft deyil, eləcə də elektirk enerjisi ixrac etmək niyyətindədir: “Nəzərə alaq ki, Gürcüstanla Rumıniyanı birləşdirəcək, Qara Dənizin altından çəkiləcək kabelin reallaşması ilə bağlı Avropa Birliyi tərəfindən işlər görülür. Azərbaycan da məhz bu layihədə iştirak etmək niyyətindədir. Həm də Zəngəzur dəhlizi ilə də elektrik enerjisinin ixrac edilməsi nəzərdə tutulur”.